Moldovada isə vəziyyət daha gərgindir. Qəzəblənmiş Moldova xalqı nazirlər kabinetinə etiraz edərək parlament binasını tutublar. Binada olan deputat və nazirlər isə oradan fövqəladə hallarda insanların köçürülməsi üçün inşa olunan yeraltı tunellər vasitəsilə çıxarılıb.
Bəs böhran səbəbindən yaranmış sosial gərginlik və keçid dövründə parlamentlərin rolu nədən ibarət olur? Bu və digər məsələləri aydınlaşdırmağa çalışdıq.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə hesab edir ki, parlamentin əsas rolu seçicilərin hüquqlarının qorunmasıdır:
“Əslində parlamentin əsas rolu öz seçicilərinin hüquqlarının müdafiəsidir. Eləcə də onun rolu ölkənin dövlət sistemində önəmli islahatlar üçün hüquqi bazanın yaradılması və bir neçə idarəetmə sistemlərinin təkminləşdirilməsində ölkəyə dəstəkdir”.
YAP-dan olan millət vəkili Hikmət Babaoğlu isə hesab edir ki, dünya ölkələrinin parlamentləri fərqli olduğundan sosial gərginlik zamanı onların hansı funksiyaları yerinə yetirə bilməsini müəyyənləşdirmək qəliz məsələdir: “Hər bir ölkənin özünəməxsus siyasi sistemi var və hər bir ölkədə parlamentin bənzər və fərqli xüsusiyyətləri, eyni zamanda, fərqli səlahiyyətləri var. Ümumiyyətlə, dünyadakı bütün ölkələrdə vahid standarta uyğun, konkret funksiyaları həyata keçirən parlament yoxdur ki, biz hansının nə edə biləcəyini təyin edək".
"Ona görə də, hansı ölkənin parlamentinin hansı səlayiyyətlərə sahib olduğunu və müxtəlif vəziyyətlərdə hər hansı funksiyaları yerinə yetirə biləcəyi ümumi sual ilə aydınlaşacaq məsələ deyil. Konkret ölkələrin parlamentlərinin konkret səlahiyyətləri var”, —deyə deputat bildirdi.
Maraqlıdır, Qazaxıstan və Moldovada yaşanan “parlament böhranı” digər ölkələrdə də baş verə bilərmi? Politoloq Fikrət Sadıxov bu haqda belə düşünür: “Parlamentin rolu hər bir dövlətdə yüksəkdir, çünki o, qanunverici bir orqandır. Parlamentlər tərəfindən təstiq olunan qanunlar hər bir cəmiyyət üçün əsas qanun prinsiplərdir. Digər ölkələrə gəldikdə isə, parlament böhranı haqda danışmaq hələ ki, tez və əsassızdır. Çünki onlarda səbəblər və müəyyən fon başqadır, siyasi-iqtisadi inkişaf da müxtəlif səviyyələrdədir. Həqiqət ondan ibarətdir ki, parlamentlərin rolu kifayət qədər geniş və böyükdür".
"Parlament respublikası olmasa belə, hər halda qanunverici orqanların qəbul etdiyi qərarlar, razılıqlar və kompromislər hər bir ölkədə siyasi sabitliyə və cəmiyyət üçün lazım olan qərarların qəbul edilməsinə gətirib çıxarır”, —politoloq deyir.
Ekspertlərin də açıqlamalarından göründüyü kimi, keçid dövründə, böhran və neftin qiymətinin aşağı düşməsi ilə müşahidə olunan sosial gərginlik zamanı parlamentlər mühüm rol oynaya bilər. Lakin, onların gördükləri işlər məhz aid olduqları dövlətlərin siyasi sistemlərindən və onlara verilən səlahiyyətlərdən asılıdır.