BAKI, 21 yan — Sputnik. Sosial şəbəkədə Bakıda yerləşən, "Botanika bağı" kimi tanınan Mərkəzi Nəbatat bağının gizlicə dağıdıldığı, ərazidə söküntü işlərinin getdiyi barədə xəbərlər yayılıb. Sputnik əməkdaşı məsələni yerində araşdırmaq üçün həmin əraziyə yollanıb.
Lakin gördüklərimiz heç də yazılanlar kimi deyildi. 45 hektarlıq bağın heç bir səmtində nə tikinti, nə də söküntü aparılır. Əksinə abadlıq və təmizlik işlərinin şahidi olduq. Əvvəlki illərdən fərqli olaraq, ağacların üzərinə adlarının qeyd olunduğu maarifləndirici etiketlər yapışdırılıb.
Şəhərin səs-küyündən sıxılaraq ora gələn vətəndaşlarla da söhbətləşdik. Onlar da tez-tez üz tutduqları bu yaşıl məkanda hər hansı söküntü-dağıntının olmadığını vurğuladılar. Paytaxt sakini Vüsalə Rzayeva yaxınlıqda qaldığı üçün, bağa hər gün gəldiyini qeyd etdi.
"Belə xəbərlər paylaşaraq nə etmək istəyirlər, anlamaq mümkün deyil. Demək olar ki, hər gün burdayam. Nə tikinti var, nə də söküntü", —sakin dedi.
Apardığımız müşahidələrdən sonra Mərkəzi Nəbatat bağının direktoru Vahid Fərzəliyev bizi öz otağında qəbul edərək suallarımızı cavablandırıb. Ərazidə tikinti işlərinin getdiyi barədə yayılan informasiyaya gülümsəyərək münasibət bildirən Fərzəliyev, xəbəri yayan jurnalistin vicdanı ilə hərəkət etmədiyini bildirib.
Son vaxtlar jurnalistikanı çox ucuzlaşdırıblar. Yalan məlumat yayaraq reytinq güdmək dəb olub. Bildirmək istəyirəm ki, dünyanın heç bir botanika bağında tikinti və söküntü işləri aparılmaz, ancaq abadlıq və təmizlik işləri görülə bilər. Biz maksimum dərəcədə çalışırıq ki, bura istirahətə gələn insanlar təbiəti olduğu kimi hiss etsinlər, yəni süni heç nə olmasın", —dedi V. Fərzəliyev.
Onun sözlərinə görə, şəhər adamı üçün təbiət lazımdır: "Bağa gələnlər bunu çox yaxşı bilirlər. Qaldı ki, saxta məlumat yayanlara, onlara demək istəyirəm ki, bir neçə il əvvəl Mərkəzi Nəbatat bağının düz yanında yeni yaşayış binası tikdilər. Əgər onların təbiətə bu qədər canı yanırdısa, niyə səslərini çıxarmadılar?".
Bağda çalışan işçilərin az maaşa rəğmən həvəslə işlədiklərini deyən direktor, özünün də vaxtilə burda bağban olduğunu deyib.
"1990-cı ildən burda çalışıram. İlk işim bağbanlıq olub. Hər cür çətinlikləri görmüşük. Amma içimizdəki təbiət sevgisi çətinlikləri yenməyimizə yardımçı olub", —deyib direktor.
V. Fərzəliyev bu gün də eyni sevgi və həvəslə bağa qulluq etdiklərini bildirib: "Sizi inandırım ki, bağda işləyənlər bu işi maaşa görə görmürlər. Onlar təbiətə bağlı insanlar olduqları üçün, təbiətə qulluq etməyi sevdikləri üçün burada qalıb işləyirlər".
Direktor "Botanika bağı" barəsində gələcək planlarından da danışıb: "Hal-hazırda istirahətə gələnlər, həmçinin də burada işləyənlər üçün parkinq problemimiz var. Yaxın gələcəkdə bu məsələ ilə bağlı öz təkliflərimizi verəcəyik. Çünki bağı gəzən vətəndaşlar içəridə maşın sürülməsini xoşlamırlar. Ümid edirəm ki, bu, tezliklə öz həllini tapacaq".