BAKI, 20 yan — Sputnik. "Əslində dünyanın bütün ölkələrində gömrük rejimlərinin böyük əksəriyyətində 24 saatlıq iş rejimi var. Azərbaycan ilə İranın gömrük-buraxılış məntəqələrinin işi sutkalıq rejimə keçərsə, həm yüklərin, həm də insanların daha tez və asan gömrük xidmətindən istifadə etməsinə imkan yaranacaq".
Bunu Sputnik-ə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Eksper bildirib ki, əgər bir sıra əngəllər olmazsa, bu, hər iki ölkənin ticarət dövriyyəsinin artmasına səbəb ola bilər.
"Bunu müsbət addım kimi dəyərləndirmək olar. Amma bunun böyük gəlirlər gətirəcəyi ehtimalı aşağıdır. Çünki, İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi bəllidir. Ticarət dövriyyəsinin həcminin artmasının yeganə səbəbi sutkalıq iş rejimi deyil", —iqtisadçı vurğulayıb.
"Bildiyim qədər Gürcüstanla gömrük-keçid xidməti 24 saat fəaliyyət göstərir", —deyə ekspert əlavə edib.
Qeyd edək ki, tezliklə Azərbaycan və İran hər iki ölkənin gömrük-buraxılış məntəqələrinin işini sutkalıq rejimə keçirəcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov bildirib.
"Hazırda gündəmdə olan məsələ yüklərin, habelə sərnişinlərin keçid şərtlərini daha da sadələşdirməkdən ibarətdir. Sərhəd keçid məntəqələrinin fəaliyyətini genişləndirmək üçün digər ölkələrlə də danışıqlar aparılır", — deyə Ş.Bağırov qeyd edib.