"Nobel Oil Services" xərcləri optimallaşdırmağa çalışır

© FlickrНефтяные вышки в Баку. Архивное фото
Нефтяные вышки в Баку. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Nobel Oil Services (UK) Ltd." şirkətinin baş icraçı direktoru Maykl Rinq (Michael Wring) "Report"a müsahibə verib.

BAKI, 19 yan — Sputnik.

- "Nobel Oil Services" qazma, mühəndislik, layihələrin idarə olunması, təminat və bir neçə digər sahə üzrə xidmət göstərir. Maraqlıdır, şirkət fəaliyyətə başlayandan indiyədək xidmət göstərilən sahələr üzrə hansı nailiyyətlər əldə edib və xidmət istiqamətlərinin inkişaf etdirilməsi üçün gələcək planlar hansılardır?

— "Nobel Oil Services" Azərbaycanda fəaliyyətə başlayandan bu günə kimi əhəmiyyətli dərəcədə dəyişib. Şirkətin inkişaf etməsi üçün çox işlər görülüb. Əgər 3 il əvvəl şirkət əsasən qazma və təchizat üzrə fəaliyyət göstərirdisə, hazırda artıq 7 sahə üzrə xidmət göstəririk. Genişmiqyaslı sənaye layihələrinin idarəsini həyata keçirməklə önəmli təcrübə toplamışıq. Neft və qaz sahəsində fəaliyyət göstərən şirkətlər arasında yerli bazarı hərtərəfli bilməklə seçilirik.

Bundan sonrakı inkişafa gəlincə, qazma sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə çalışırıq. Bu sahədə işlərimiz çox uğurla davam edir.

Neft hasilatının üçüncü növ üsullarla artırılması, təminat, Mühəndislik, Satınalma və İnşaat (EPC), təchizat, neft məhsullarının ticarəti, yanacaqdoldurma məntəqələrinin tikilməsi və idarə olunması üzrə də işlərimiz inkişaf edir. Bu sahələrdən bəziləri yenidir. Məsələn, neft məhsullarının ticarəti bizim üçün yeni fəaliyyət istiqamətidir.

Yanacaqdoldurma məntəqələrinin tikilməsi və idarə olunmasına isə 2014-cü ildən başlamışıq və bu istiqamətdə fəaliyyətimizi Rumıniyada həyata keçiririk. Bəzi kiçik sahələri inkişaf etdiririk, bəzilərinə isə yeni başlayırıq.

- Rumıniyadan söz düşmüşkən, bu yaxınlarda "Nobel Oil Services" bu ölkədə yeni yanacaqdoldurma məntəqəsi açıb. Rumıniya ilə bağlı gələcək planlarınız nədən ibarətdir?

— Rumıniyada böyük planlarımız var. Bu bazarda böyümək istəyirik. Növbəti 3-4 il ərzində bu ölkədə 90 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırırıq. Rumıniyada neft məhsullarının ticarətini hər il mərhələli şəkildə artırmaq niyyətindəyik. Hər il 20-25 yanacaqdoldurma stansiyası tikməyi planlaşdırırıq. Bu, Rumıniyada 1 000 nəfərin işlə təmin edilməsinə səbəb olacaq.

- Azərbaycanda yanacaqdoldurma məntəqələrinin tikilməsi və idarə olunması ilə bağlı planlarınız varmı?

— Xeyr, Azərbaycanda bu sahə üzrə hər hansı planımız yoxdur. Bu istiqamətdə işləməyə başlamazdan öncə Ukrayna, Bolqarıstan, Türkiyə, Yunanıstan və Rumıniya bazarlarını öyrəndik və nəticədə işimizi Rumıniya bazarında qurmaq qərarına gəldik. Hazırda yanacaqdoldurma məntəqələrinin tikilməsi və idarə olunması üzrə əsas işimizi məhz bu ölkədə aparırıq. Rumıniya bazarındakı planlarımız böyükdür və burada tezliklə böyüməyi gözləyirik.

- Şirkətin fəaliyyət göstərdiyi sahələrdən hansılar daha çox Azərbaycanda inkişaf edir?

— Qazma, neft hasilatının üçüncü növ üsullarla artırılması, təminat, mühəndislik, satınalma və inşaat, təchizat daha çox Azərbaycanda həyata keçirilir.

Bizim təminat sahəsində yaxşı inkişaf edən əməkdaşlığımız var. Bu sahədə "Azneft" İstehsalat Birliyi ilə işləyirik. İşlər çərçivəsində dənizdə turbinlərin, turbogeneratorların, qaz kompressorlarının quraşdırılmasında iştirak etmişik. Biz hazırda dənizdə ən çox qaz turbininə texniki xidmət göstərən şirkətik.

Törəmə şirkətimiz olan "Global Energy Solutions" (Glensol) aktivlərin idarə edilməsi üzrə fəaliyyət göstərir və bu yaxınlarda BP şirkəti ilə müqavilə imzalayıb. Digər layihələrdə iştirak üçün çalışır. Bu da bizim digər uğurlu işlərimizdən biridir.

- Qazma sahəsində Azərbaycanda çox işlər görülür. Bu sahə üzrə işləriniz barədə məlumat verərdiniz. Ümumiyyətlə, qazma sahəsində hansı planlar var?

— Qazma sahəsində işlərimiz sürətlə davam edir. Azərbaycan Dövlət Neft Şirkəti (51%) və “Abşeron Qazma Şirkəti” (49%) tərəfindən yaradılmış "SOCAR-AQŞ" MMC fəaliyyət göstərir. Bu birgə müəssisə inteqrə olunmuş qazma və quyu xidmətləri göstərmək üçün yaradılıb. "Archer" şirkəti ilə də birgə müəssisə təsis etmişik. Bu müəssisə dənizdə qazma tenderlərində iştirak etmək niyyətindədir. Birgə müəssisə regionda yeni imkanlar təklif edən neft-qaz şirkətləri ilə əməkdaşlıq etməyə hazırdır.

- Yeni qazma qurğularının alınması planlaşdırılırmı?

— Bu yaxınlarda 3 yeni qazma qurğusu almışıq. Qazma qurğularının ikisi İtaliyadan, biri isə Almaniyadan alınıb. Onlardan biri hazırda qazma aparır. Digəri isə qazmaya göndəriləcək. Üçüncü qurğu yaxın vaxtlarda Azərbaycana gətiriləcək. Bu qurğuların hər biri bir yataqda qazma işləri aparmaq üçün alınıb.

- Dünya bazarında neftin qiymətinin düşməsi neft hasil edən şirkətlərlə yanaşı, bu sahədə xidmət göstərən şirkətlərə də təsir edib. Aşağı neft qiymətlərinin sizin şirkətə təsiri necədir? Optimallaşdırma, ixtisarlar nəzərdə tutulurmu?

— Əlbəttə, dünya bazarında neftin ucuzlaşması bizim gəlirlərə də mənfi təsir edir. Neft-qaz sektorundakı şirkətlərdən sifariş alan şirkət olaraq biz müştərilərdən asılıyıq. Əgər əsas tərəfdaşlarımız olan neft-qaz şirkətlərinin gəlirləri azalırsa, bizim də müştərilərimiz, gəlirlərimiz azalır. Bu şirkətlərin xərclərini optimallaşdırması gəlirlərimizə təsir edir. Biz də xərclərimizə baxmaq məcburiyyətindəyik, xərclərdə müəyyən azalmalar həyata keçiririk, xərclərimizi optimallaşdırmağa çalışırıq. Bununla bağlı müəyyən işlər görməyə başlamışıq.

Digər şirkətlərdə olan ixtisarlar bizim şirkətdə də şamil oluna bilər. Amma biz çalışırıq ki, işçilərimizi saxlayaq. Bizimlə çalışan insanlara hörmət etməliyik və maksimum şəkildə ixtisarlardan qaçmağa çalışırıq. Biz böyük şirkətik və özümüz üçün yeni istiqamətlər açırıq. Üç il əvvəl şirkətimizdə işçilərin sayı 700 nəfərdən bir qədər çox idisə, hazırda törəmə şirkətlər, birgə müəssisələrlə birlikdə 1 200 nəfərə çatıb. Təəssüf ki, dünya bazarında baş verən proseslər bizim şirkətə də mənfi təsir edir. Amma qeyd etdiyim kimi, xərclərin minimallaşdırılması çərçivəsində işçilərimizi daha çox nəzərə almağa çalışırıq.

Xəbər lenti
0