BAKI, 19 yan — Sputnik. Bu gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri Ramil Usubov Daxili Qoşunların maddi-texniki bazasının daha da möhkəmləndiyini, müasir silah və texnika alındığını, şəxsi heyətin sosial-məişət problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Şahin Məmmədov isə xidməti-döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. Ş. Məmmədov deyib ki, Daxili Qoşunlar Bakı, Mingəçevir və Qəbələ şəhərlərində keçirilmiş beynəlxalq yarışlar və digər kütləvi tədbirlər zamanı həvalə edilmiş ictimai qaydanın və ictimai təhlükəsizliyin təminatı üzrə xidmətin aparılması peşəkarlıqla icra olunub.
Qeyd olunub ki, ötən ilin may ayında paytaxtın Binəqədi rayonunda yerləşən çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Daxili Qoşunların xüsusi təyinatlıları və helikopter ekipajı fövqəladə halın fəsadlarının aradan qaldırılmasında fəal iştirak edərək axtarış tədbirləri nəticəsində köməksiz qalmış 6 nəfəri təxliyə ediblər. Qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun riayət olunması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsi olaraq əvvəlki dövrlə müqayisədə ötən il ölüm halları 71 faiz, cinayətlərin sayı 80 faiz, kobud intizam pozuntuları 48 faiz, ümumi hadisələrin sayı 24 faiz, bədən xəsarətlərinin sayı 21 faiz azalıb.
Hesabat dövründə məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sumqayıt şəhərindəki hərbi hissədə 60 mənzilli yataqxana binası, paytaxtın Nərimanov rayonunda yerləşən hissədə yeni qərargah və əsgər kazarması, Hacıqabulda 4 mərtəbəli əsgər kazarması, tibb məntəqəsi, hamam-camaşırxana kompleksi lazımi avadanlıqlarla təmin edilərək istifadəyə verilib. Ötən ilin sonlarında Nardaranda dövlətin konstitusiya quruluşunun əsasları əleyhinə yönəldilən hərəkətlərin qarşısının alınması, qanunçuluğun, sabitliyin və ictimai qaydanın bərpası məqsədilə Daxili Qoşunların məhdud sayda şəxsi heyəti də cəlb edilməklə keçirilmiş xüsusi əməliyyat nəticəsində qəsəbədə ictimai asayiş və təhlükəsizlik təmin edilib, dövlət və bələdiyyə orqanlarının normal işi ilə bağlı aidiyyatı qurumlara zəruri köməklik göstərilib.
Müşavirəyə yekun vuran R. Usubov qeyd edib ki, bu il respublikada dövlət əhəmiyyətli tədbirlər, o cümlədən mötəbər idman yarışları və beynəlxalq forumları keçiriləcək. Daxili işlər naziri bu baxımdan Daxili Qoşunlarda bütün təşkilati tədbirlərin müəyyənləşdirilərək vaxtında icrasını, qüvvə və vasitələrin hər bir tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb edib.