BAKI, 19 yan — Sputnik. BMT-nin Baş qərargahında BMT Sivilizasiyalar Alyansının əlaqələndiricilərinin “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda iclası keçirilib. İclasda BMT-yə və Sivilizasiyalar alyansının dostlaq Qrupuna daxil olan ölkələrin rəsmiləri iştirak ediblər.
İclasda 25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun proqramı, rəsmi internet səhifəsi və təşkilati məsələləri müzakirə edilib.
İclasda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abduləziz əl Nassir hazırda ekstermizimin qarşısının alınması və müxtəlif mədəniyyətlər, dinlərin təmsilçiləri arasında dialoq və sülhün möhkəmləndirilməsi üçün BMT-yə üzv olan ölkələr öz səylərini daha da artırmalı olduqlarını bildirərək, bu istiqamətdə BMT Sivilizasiyalar Alyansına dəstəyə görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə öz minnətdarlığını bildirmiş, habelə 7-ci Qlobal Forumun Bakıda ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini ifadə edib.
Tədbirdə Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə çıxış edərək Foruma hazırlığın vəziyyəti, internet portalından istifadə qaydaları, Azərbaycanın müasir mədəniyyətlərarası proseslərdə rolu barədə çıxış edərək iştirakçılara ətraflı məlumat təqdim edib.
Tədbirdə Mədəniyyət və Turizm Naziri, 7-ci Qlobal Forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayevin video müraciəti və Azərbaycan haqqında təqdimat filmi də nümayiş etdirilib. İclasda həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ili “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyəti barədə fikirlər səsləndirilib və qeyd edilib ki, bu addım 7-ci Qlobal Forumun əhəmiyyətini daha da artırıb.