BAKI, 19 yan-Sputnik. Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili yenidən qalmaqalın mərkəzinə düşüb.
Sputnik-in məlumatına görə, Mixail Saakaşvili internetdə Ukrayna orudusu barədə gizli informasiya yaymaqda ittiham edilir.
Unian agentliyinin məlumatına görə, Saakaşvili antiterror əməliyyatının keçirildiyi əraziyə gedib, Mariupol rayonunda yerləşən "Ştorm" batalyonuna baş çəkib. Burada o, ukraynalı hərbçilərin görüntülərini çəkib və onların mövqelərini, həmçinin xəritəni internetə yerləşdirib. Artıq bu məlumatlardan separatçıların nəzarətində olan saytlar istifadə etməyə başlayıb. Saakaşvilinin çəkdiyi görüntülərdə hər şey var- yer, gizli müşahidə məntəqəsi, həmçinin komandirin açıqlaması və xəritə. Hətta döyüşçülərin sifətləri də görünür. Görüntülər yayıldıqdan sonra separatçılar döyüşçüləri hədələməyə başlayıblar. Baş Qərargahdan Saakaşvilinin hərəkəti ilə bağlı hələlik heç bir açıqlama verilmir.
Unian başda olmaqla Ukraynanın bir çox KİV-ləri Saakaşvilinin yaydığı videonu on-line səhifələrinə yerləşdirsələr də, sonradan onu deaktiv ediblər.