SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Günün diqtəsi

© mqf.azQorxmaz İbrahimli
Qorxmaz İbrahimli - Sputnik Azərbaycan
Abunə olmaq
Olub-bitənləri unudaraq və ya bir tərəfə qoyaraq qarşıdan gələn böhranlardan dövlətimizi itkisiz və ya az itki ilə çıxarmanın yollarını aramaq lazımdır. Arayarkənsə, ilk olan barış ortamını yaratmaqdır. Barışmaq üçün isə çox böyük əsas var. Bu əsas bizlərdən çıxış yolunu gözləyən uca millətimizdir.

BAKI, 19 yan — Sputnik. Təqribən bir il əvvəl müxalifətlə iqtidar arasında bir dialoq başlandı. Dialoqda bir tərəfdən Azərbaycan Pespublikasının Prezidentinin köməkçisi, ictimai-siyasi şöbənin müdiri Əli Həsənov, digər tərəfdən isə müxalifətdə olan bir qrup partiyaların liderləri iştirak edirdi. Çox hörmətli sədrimiz Qulamhüseyn Əlibəyli də Aydınlar Partiyası təmsilçisi olaraq öndə olan fiqurlardan idi. Bir ara intensiv davam edən bu görüşmələr uzun illərdən bəri davam edən soyuq iqtidar — müxalifət münasibətlərinin isinəcəyinə ümidlər yaratmağa başlamışdı.

Lakin ümidlə başlanan bu proses təəssüf hissi ilə yekunlaşdı. Çünki parlament seçkiləri ərəfəsində belə bir danışığın durdurulması xoş bir şey vəd etmirdi. Həqiqətən də seçkilərdə iştirak edən bu partiyalardan bir nəfərin də olsa Parlamentə seçilə bilməməsi üzücü hal oldu. O vaxtdan iqtidarla müxalifət arasında heç bir nəzərə çarpan danışıqlar olmadı. Yəqin bir də növbəti görüşlər ya hansısa bir seçki ərəfəsində başlanacaq, ya da beynəlxalq təşkilatlardan birinin araçılığı ilə davam edəcək.

Oysa, yaşadığımız son olaylar ilk növbədə iqtidarı, ardından da müxalifəti yeni dönəmlə bağlı millətimizə və dövlətimizə faydası olacaq, manatın gözlənən ağır sarsıntılarından az itkilərlə çıxmasına yardımçı qalmaq üçün bir araya gəlməyi tələb edir. Məncə bir — birimizə qarşı nə qədər küskün və kinli olsaq da, ümummilli məsələlər firqə və şəxsi maraqları arxa plana atmağı tələb edir, gərəkdirir.

Bir müddət əvvəl yaşadığım bir olayla bağlı daxili işlər naziri Ramil Usubova "Bizim yol" qəzeti vasitəsilə məktub ünvanlayaraq görüş istədim. Qəzetdə yayımlandıqdan az sonra cənab nazirin tapşırığı ilə mənimlə görüşdülər və ətraflı məlumat verməyimi istədilər. Hadisə haqda geniş bilgi verərərk nazirlə görüşmək istəyimin səbəbini bildirdim. Son beynəlxalq krizis və onun Azərbaycana təsiri haqda da danışdıq. Bu zamanlarda polis — vətəndaş münasibətlərinə xüsusi diqqət yetirməkdən və s. ətraflı danışdıq. Sonda Ramil müəllimlə görüşəcəyimə ümüd etdiyimi bildirdim, təşəkkür edərək ayrıldım. Görüş il sonuna düşdüyündən yüksək vəzifəli generalla görüşüm haqda dəyərli oxucularımıza bilgi vermək imkanı olmadığından, tətil sonrası yayzmağa qərar verdim.

Daxili işlər nazirinə yazdığım o məktuba gələn operativ reaksiya məndə yenidən iqtidar — müxalifət görüşlərinin bərpası üçün təşəbbüs göstərmək düşüncəsini yaratdı. Niyə də olmasın? Bu günə qədər yüz illər boyu müxtəlif imperiyaların tapdağı altında əzilərkən, mənəviyyatımız, dinimiz, dilimiz, milli qürurumuz əldən gedərkən nə etdik ki…? Sovet höküməti necə nəhəng aydınlarımızı məhv etdi, milyardlarla dəyərdə zərər vurdu, ancaq bu gün varisi olan Rusiyadan hər hansı bir bir təzminat tələb edirikmi? Yox. Cünki dünyada olub-keçmiş bəzi şeyləri unutmaq daha yaxşıdır. Eyni zamanda bu günkü iqtidarı bizim qəbul edib — etməməyimizdən, sevib — sevməməyimizdən asılı olmadan hakimiyyətlərini qoruyub saxlaya bilmişlər. Yadellilərdən gördüklərimizi unuda biliriksə, demək bu iqtidar öz millətimizdən olduğu üçün onunla da barışa bilərik.

Bu mənada olub-bitənləri unudaraq və ya bir tərəfə qoyaraq qarşıdan gələn böhranlardan dövlətimizi itkisiz və ya az itki ilə çıxarmanın yollarını aramaq lazımdır. Arayarkənsə, ilk olan barış ortamını yaratmaqdır. Barışmaq üçün isə çox böyük əsas var. Bu əsas bizlərdən çıxış yolunu gözləyən uca millətimizdir. Millətimizi və dövlətimizi qorumaq və gələcəyə daşımaqsa, hər birimizin ümdə vəzifəsidir.

İlk növbədə müxalifətdən olan partiya rəhbərləri bir araya gəlməli və hakimiyyətlə görüşləri bərpa etmək və danışıqlara başlamaq üçün öz işçi qrupunu formalaşdırmalıdır. Bundan sonra isə qarşı tərəfə yazılı və elektron mediada yayımlanmaq şərti ilə müraciət ünvanlanmalıdır. Hesab edirəm, hakimiyyət yetkililəri də bu təşəbbüsü qulaqardı edib arxivə atmamalı, olumlu reaksiya verməlidirlər. Çünki kin və təkəbbür yalnız və yalnız zərər gətirəndir. Bizim kinimiz gələcək Azərbaycan dövlətinə və gələcək nəsillərə üzülmüş bir dövlət buraxar. Bununsa əzabını bizdən sonrakı nəsillər onillərlə çəkməli olarlar.
Düşünürəm ki, hörmətli Ramil Usubovun mənə qarşı atdığı addım bir iqtidar — müxalifət danışığı üçün barış nöqtəsi olar və yeni bir gəlişmənin əsasını qoyarıq. Hər zaman 31 dekabrı Həmrəylik Günü kimi qeyd edib keçirik. Ancaq son hadisədən sonra bu günümüzü davamlı edə biləcəyimizə inamım artıb. Gəlin, hamılıqla buna inanaq və hərəkət edək.

Həmrəylik Günü ərəfəsində Respublika Prezidentinin əfv fərmanı oldu. Buna sevinənlərdən oldum. Amma bir çox dostlarımızdan heç birinin adını bu siyahıda görməməkdən də üzüldüm. Sonradan beynəlxalq basqı ilə əfv olmayacağı bəyanatı verildi. Hər kəs özünəməxsus mövqe qoydu. Mən belə bir seçənəyi bəyənməsəm də, hörmət edirəm.

Ölkədəki siyasətçilər və tanınmış aydınlarımız araya girərək, Prezidentə müraciət edə və bu adamların azd olunmasını xahiş edə bilərlər. Keçmişdə belə bir təcrübə olduğunu sizlər də bilirsiniz. Millət vəkilləri, Xalq Şairi Bəxtiyar Vahabzadə, Xalq Şairi Məmməd Araz, Xalq Yazıçısı Anar, elm aləminin tanınmış ailmləri həbsdə olan bəzi tanınmışların azad olunması ilə bağlı mərhum prezident Heydər Əliyevə müraciət edərdilər. Çox zaman bunlara olumlu yanıt gələr, həbsdə olan şəxs və ya şəxslər azad olunardılar. Məncə, iqtidarla görüşülməli birinci məsələ budur.

Ardından günümüzün iqtisadi problemi, neftin ucuzlaşması, inhisarçılığın yan təsirləri, siyasi islahatlar və s. müzakirə obyekti ola bilər. Birgə müzakirə olunmalı əsas məsələ isə dəyərini itirməkdə olan Milli Valyutamızın — manatın aqibəti və vətəndaşımıza ağır təsiri, onun aradan qaldırılması üçün addımların atılmasıdır. Millətin bədbinləşməsi xoş bir şey vəd etmir. Bunu seyr etmək, qarşıdan sarsıdıcı problemlərin gələcəyini gözləməksə, ən yaxşı halda vicdansızlıqdır. Məncə gecikmədən hərəkətə keçmənin vaxtıdır, cənablar…

Bizimyol.info

Xəbər lenti
0