BAKI, 18 yan-Sputnik. Hal-hazırda dünyada baş verən iqtisadi proseslər, alıcılıq qabliyyətinin də aşağı düşməsinə səbəb olub. Kəskin qənaət tədbirləri əlbəttə ki, ödənişli televiziya xidmətlərinə də təsir etməli idi. Düzdür, ABI Research Group-un 2015-ci il üçün hesabatına əsasən ödənişli televiziyanın ümumi abunəçi sayı müsbət tərəfə cuzi artıb, lakin artım templəri ötən illərə nisbətən kəskin azalıb. Hazırkı ildə də vəziyyətin optimist ssenari üzrə gedəcəyinə ciddi əsas yoxdur.
Azərbaycanda da analoji vəziyyət müşahidə olunmaqdadır. Əsas enerji resurslarına dünya bazarında qiymətin kəskin enməsi və beynəlxalq valyutaların milli valyutalara nisbətin bahalaşması iqtisadiyyatın əksər sektorlarına olduğu kimi, inkişaf etməkdə olan ödənişli televiziya sektoruna da öz təsirini göstərir. Ölkənin əsas efir, kabel televiziyası operatorları Ailə TV, KATV1, ConnectTV, ATV telekanalların yayım hüququna görə ödənişlərini və idxal olunan texniki avadanlıqlara görə hesablaşmalarını dollarla həyata keçirməsi, manatın kəskin ucuzlaşması fonunda ciddi maliyyə itkilərinə gətirib çıxarır.
Buna baxmayaraq, kabel televiziyası operatorları abunəçiləri də düşünərək abunə haqqlarının stabil saxlanılmasına çalışır. 2006-cı ildən bu yana kabel televiziyası xidmətlərinə görə abunə haqqları yalnız bir dəfə, 2015-ci ilin sentyabr ayında cəmi 1 AZN artdı. Bu müddətə qədər tariflər stabil saxlanılaraq abunəçilərə daha keyfiyyətli xidmətin göstərilməsində ciddi irəliləyişlərə nail olunub. Belə ki, rəqəmsal və HD yayımın tətbiqi, rəqəmsal yayımda retranslasiya olunan telekanalların sayının iki dəfə artması məhz bu dövrdə baş verib.
Hazırkı tarifləri bütün səylərlə qorumağa çalışan operatorlar müəyyən güzəştli kampaniyaları müvəqqəti, lakin qeyri-müəyyən müddətə dayandırmalı olublar. Belə ki, artıq TV və İnternet xidmətlərinə görə tətbiq olunan endirim kampaniyası artıq qüvvədə deyil və xidmətlər real tatiflərə uyğun ayrı-ayrı hesablanır. Bundan əvvəl isə "dost gətir" tipli kampaniyalar ləğv olunub, 5 1 və 6 2 kampaniyaları isə daha uzunmüddətli 6 1 və 12 2 kampaniyaları ilə əvəz olunub.
Yaranmış vəziyyəti nəzərə alaraq, ödənişli televiziya xidməti ilə məşğul olan yerli şirkətlər bu il daha çox ixrac yönlü siyasət aparmaları, beynəlxalq bazarlara çıxışı təmin etmələri daha məqsədəuyğun görünür. Bu istiqamətdə artıq müəyyən addımlar da atılıb. Belə ki, Ailə TV və KATV1 hələ ötən il IPTV xidmətlərini tətbiq ediblər. OTT texnologiyası əsasında təqdim olunan müasir ödənişli televiziya xidməti dünyanın istənilən yerində retranslasiya olunan telekanalları izləmək imkanı yaradır. Bu texnoloji yeniliklə operatorlar əsasən xarici ölkələrdə yaşan soydaşlarımızdan ibarət potensial abunəçiləri əhatə etməyi nəzərdə tuturlar, onların ana dilində olan televiziya ehtiyyaclarını qarşılamağa çalışırlar.
Əlbəttə ki, milli valyutanın kursunun stabilləşməsi və xarici valyutalara nisbətən optimistik ssenari üzrə möhkəmlənməsi ölkədə ödənişli televiziya sahəsində də canlanmaya səbəb ola bilər və mövcud tariflərin yenidən nəzərdən keçirilməsinə gətirib çıxaracaqdır.
Hüseynağa Əliyev,
Qlobal Tədris Mərkəzinin direktoru, marketinq üzrə mütəxəssis