CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz"la "Akkord" niyə ötür-ötür oyunu oynayır?

© Sputnik / Fuad HəsənovAbşeron Gənclər Şəhərciyindən bir görünüş
Abşeron Gənclər Şəhərciyindən bir görünüş - Sputnik Azərbaycan
Abunə olmaq
Minlərlə insanın yaşadığı nəhəng yaşayış kompleksinin sakinləri təbii qaz üzünə həsrətdir. 5 ildən çoxdur, təhvil verilən kompleksdə elementar kommunal problemlər hələ də öz həllini tapmayıb.

BAKI, 18 yan — Sputnik. Abşeron Gənclər Şəhərciyi artıq 5 ildən çoxdur ki, istifadəyə verilsə də, sakinlər şəhərciyin tam təhvil verilmədiyindən və hələ də qazsız yaşamalarından şikayətlənirlər. Belə ki, şəhərcikdə bütün isitmə sistemi, həmçinin digər tələbatlar elektrik enerjisi hesabına ödənir ki, bu da sakinlərin hər ay külli miqdarda işıqpulu ödəmələrinə səbəb olur.

"Əsas da qış aylarında külli miqdarda elektrik enerjisinə pul ödəyirik. Qaz yoxdur deyə, nə əməlli-başlı canımız qızır, nə də cibimizə qənaət edə bilirik. Çox əziyyət çəkirik və harayımızı eşidən də yoxdur", —deyə şəhərcik sakini Şahin Vəliyev Sputnik-in əməkdaşı ilə söhbətində bildirir.

Sakinlər deyirlər ki, bu günədək "Akkord"la "Azəriqaz" arasında ötür-ötür oyunu gedir: "Gedirik şəhərciyin administrasiyası, deyirlər ki, "bizlik deyil, qaz idarəsi çəkməlidir". Qaz idarəsinə müraciət edirik, deyirlər ki, "şəhərcik rəhbərliyi bunun üçün bizə şərait yaratmalıdır". Ya da başımızı qatmaq üçün, "bu gün-sabah" deyə vaxt uzadırlar".

5 ildir ki, şirkət tərəfindən qazın verilməsi ilə bağlı vədlərin boşa çıxması sakinlərin səbr kasasını əməlli-başlı doldurub. Özünü şirkətin briqadiri kimi tanıdan Gülarə Tahirova qeyd etdi ki, hazırda qaz ilə bağlı ciddi işlər gedir və yaxın vaxtlarda məsələ öz həlli tapacaq: "Şəhərcikdə 85 blok var, artıq 2-si tam qazlaşdırılıb. Digərlərinə də qazın verilməsi üçün ciddi iş gedir".

© 7newsQaz
Qaz - Sputnik Azərbaycan
Qaz

Problem tək bununla da bitmir. Sən demə, işıq sayğaclarında da problemlər var. Sakinlər elektrik sayğacları ilə bağlı da narazılıqlarını dilə gətirdilər. "Elə olur ki, mən aylarla rayonda oluram. Yəni evdə heç nə yanmır, nə də kimsə olmur. Evə qayıdanda qapının ağzında gördüyüm çek məni heyrətə salır. Necə ola bilər ki, heç nədən istifadə etmirəm, amma 50-60 manat pul gəlir?" —deyə sakin Ramin Qasımoav sual edir.

Söhbətləşdiyimiz sakinlər onlara məxsus elektrik sayğaclarının üzünü görmədiklərini qeyd etdilər. Bildirdiklərinə görə, sayğaclar mənzillərin qarşısında, hamının görə biləcəyi yerdə deyil, binaların zirzəmilərində, qapısı qıfıllı yerlərdə quraşdırılıb. "İndi biz hardan bilək ki, bizim sərf etdiyimiz elektrik enerjisinin həcminə müdaxilə olunmur? Nəzarət edə bilmirik, onlar da istədikləri kimi yazıb-pozurlar".

Masazır - Sputnik Azərbaycan
CƏMİYYƏT
Masazırda yaşayış binalarının tikintisi üçün böyük təhlükə var

Sonda əlavə edək ki, Abşeron Gənclər Şəhərciyində olarkən, yaşayış məntəqəsində ciddi natəmizliyin şahidi olduq. Bəzi binaların qarşısında kanalizasiya boruları partlamış və çirkab suyu ətrafa dağılmışdı. Üstəlik, binaların bir-birinə həddən artıq yaxın tikilməsi səbəbindən, şəhərcikdə havasızlıq da hökm sürür.

Məsələ ilə bağlı "Azəriqaz"ın mətbuat katibi Rahib Məmmədov Sputnik-in sualını belə cavablandırıb: "Hər hansı MTK-ya qaz verilməsi üçün həmin şirkət aidiyyəti dövlət qurumlarında yoxlanışdan keçir, daha sonra bizə müraciət olunur. Və biz həmin müraciətə əsasən əraziyə qaz verilməsi üçün işə başlayırıq".

"Hələlik Abşeron Gənclər Şəhərciyindən bizim quruma müraciət edilməyib. Problem buradan qaynaqlanır", —deyə R. Məmmədov qeyd etdi.

85 bloklu kompleksdə, sadəcə 2 bloka qaz verildiyini söylədikdə isə "Azəriqaz" sözçüsü belə cavab verdi: "Bəli, ola bilər ki, bizə fərdi abonentlər barədə müraciət qəbul olunub. Və işçi heyət o blokları qazlaşdırıb. Belə hallar da ola bilir".

Məsələ ilə bağlı "Akkord" Şirkətlər Qrupundan isə sualımıza cavab ala bilmədik. Şirkətdən, yalnız yazılı sorğulara, yazılı şəkildə cavab verildiyi bildirildi.

Xəbər lenti
0