BAKI, 18 yan — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Çin, Fransa, Rusiya Federasiyası) və İran İslam Respublikası arasında Avropa İttifaqının iştirakı ilə 14 iyul 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsini alqışlayır. Sputnik xəbər verir ki, bununla bağlı XİN-in saytında bəyanat yerləşdirilib.
"Bu irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir edirik", —deyə Azərbaycan XİN bildirir.
Xarici siyasət idarəsi, həmçinin bu nailiyyət münasibətilə dost və qonşu İran xalqını təbrik etdiyini bəyan edir: "Bu müsbət prosesin Azərbaycan Respublikası və İran İslam Respublikası arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişafına əlavə təkan verəcəyinə əminliyimizi bildiririk".