BAKI, 16 yan — Sputnik. Bakı metrosunun "İnşaatçılar" stansiyasının çıxışlarından biri yanvarın 18-dən etibarən bağlanacaq. Bu barədə Sputnik-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Məlumata əsasən, “İnşaatçılar” stansiyasının II vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator 30 illik istismar müddətini başa vurduğu üçün müvafiq qaydada dəyişdirilməlidir.
"Bunun üçün stansiyanın II vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.
Bütün bunları nəzərə alaraq “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “İnşaatçılar” stansiyasının II vestibülü (“20 yanvar” stansiyası tərəf) 18.01.2016-cı il tarixi saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. I vestibül (ATS tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.
Qeyd: II-ci vestibül bağlı olsa da keçid piyadar üçün açıq olacaq. Yəni sakinlər, keçiddən istifadə etməklə Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər", — deyə Paşayev vurğulayıb.