BAKI, 15 yan-Sputnik. Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov bu gün məhkəmə qarşısına çıxarılıb.
Sputnik-in məlumatına görə, R.Səfərovun vəkili APA-ya bildirib ki, Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun verdiyi təqdimata baxılıb.
Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.
R.Səfərovun bibisi oğlu Mirsadıq Cəfərovun sözlərinə görə, R. Səfərovun ifadəsi alınıb: "Bizə bildirildi ki, Rüfətin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün prokurorluq təqdimat verib".
R.Səfərovun vəkili isə bildirmişdi ki, hazırda R. Səfərov Binəqədi rayon Məhkəməsinə aparılır. Məhkəmədə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun təqdimatına baxılacaq.
R.Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.