BAKI, 15 yan — Sputnik. Azərbaycan demokratik qüvvələrinin təkidli tələbi ilə SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda ermənipərəst Xüsusi İdarə Komitəsini ləğv etdi. Vilayətin idarə olunması SSRİ Ali Sovetinin Xüsusi Komissiyası nəzarəti altında Azərbaycan SSR-nin Təşkilat komitəsinə tapşırıldı, lakin mərkəz tərəfindən ciddi tədbir görülməməsi nəticəsində ermənilər yenidən təhrikçi hərəkətə başladılar və nəticədə Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də «Ermənistan SSR-ə Dağlıq Qarabağı birləşdirmək haqqında» qərar qəbul etdi.
1990-cı il yanvarın 15-də Dağlıq Qarabağda gərginləşən münaqişənin qarşısında aciz qalan Azərbaycan SSR-in rəhbərliyi Dağlıq Qarabağ Muxtar Vilayətində və ona bitişik rayonlarda fövqəladə vəziyyətin tətbiq olunması üçün Moskvaya müraciət edib.
Elə həmin gün SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində və ona bitişik rayonlarında fövqəladə vəziyyət elan olunması barədə qərar qəbul edib.
Qərara əsasən, Ermənistanın Gorus rayonunda və İran-Azərbaycan (SSRİ) sərhədi boyunca da fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət elan edilən ərazilərə Sovet Ordusunun birləşmələri yeridilib, yerli hakimiyyət hərbçilərə verilib.