BAKI, 14 yan — Sputnik. Təhsil Nazirliyi Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən Sputnik-ə verilən məlumatda bildirilir: "Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar bildiririk ki, məktəbin tarix müəllimi İdris Hüseynov "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun və "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq etmiş, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verib. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib.
Bununla Bağlı Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma aparır.
Təhsil Nazirliyi bu məsələ adekvat münasibətə görə ictimaiyyətə təşəkkürünü bildirir, ictimai nəzarətin vacibliyini bir daha vurğulayır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcəkdir.
Təhsil Nazirliyi bundan sonra da təhsil müəssisələrində şəffaflığıın təmin edilməsi, təhsilalanların hüquqlarının müdafiəsi və təhsil ocaqlarının hüquqi məkana çevrilməsi, müəllim-şagird münasibətlərinin qarşılıqlı əməkdaşlıq şəraitində qurulması istiqamətində səylərini davam etdirəcəkdir".
Sumqayıtda 22 saylı orta məktəbin şagirdin müəllimi tərəfindən döyülməsi faktı araşdırılır.
Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, araşdırmanın nəticələri ictimaiyyətə təqdim ediləcək.
Xatırladaq ki, sosial şəbəkələrdə Sumqayıt şəhər orta məktəbin 22 saylı orta məktəbin şagirdinin İdris adlı tarix müəllimi tərəfindən döyülməsi ilə bağlı video yayılıb. Müəllim dərsdə şagirdin başına çox sayda zərbələr endirib.