CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hökumət vəziyyətdən çıxmaq üçün yollar axtarır

© TRENDAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda dəyirmi masa
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda dəyirmi masa - Sputnik Azərbaycan
Abunə olmaq
Azay Quliyev: "Ölkədə yaranmış vəziyyət, spekulyasiyaların qarşısının alınması zərurəti məsələyə ciddi yanaşmanı tələb edir. QHT-lər bu istiqamətdə öz töhfələrini verməlidir. Şura ictimai nəzarətin təşkili ilə bağlı QHT-lərin təkliflərini Prezidentə təqdim edəcək"

BAKI, 14 yan — Sputnik. Ölkədə ictimai-siyasi sabitliyin qorunması, möhtəkirliyə, süni bahalaşmaya qarşı mübarizədə QHT-lər fəal iştirak etməlidir.

Sputnik-in məlumatına görə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iştirakı ilə "İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu" mövzusunda keçirilən Dəyirmi Masada Şuranın sədri Azay Quliyev belə deyib. Şura sədrinin sözlərinə görə, prezident İlham Əliyev özünün son çıxışında ictimai nəzarətin vacib olduğunu vurğulayıb və bu çağırış birbaşa QHT-lərə ünvanlanıb. Odur ki, QHT-lər ictimai nəzarətin təşkili ilə bağlı təkliflərini açıqlamalıdır. "İctimai iştirakçılıq haqqında" qanuna uyğun olaraq mərkəzi dövlət orqanlarında ictimai şuralar yaradılmalıdır.

"Bəzi dövlət qurumlarında ictimai şuralar olsa da, onlar formal xarakter daşıyır. Lakin ölkədə yaranmış vəziyyət, devalvasiya ətrafındakı spekulyasiyalar, süni bahalaşmanın qarşısının alınması zərurəti məsələyə ciddi yanaşmanı tələb edir. Odur ki, QHT-lər bu istiqamətdə öz töhfələrini verməlidir. Şura ictimai nəzarətin təşkili ilə bağlı QHT-lərin təkliflərini prezidentə təqdim edəcək." — deyə A.Quliyev əlavə edib.

Sonra mövzu ətrafında diskussiyalar keçirilib. Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, "İctimai iştirakçılıq haqqında" qanuna uyğun olaraq 5-ə qədər nazirlikdə ictimai şuralar yaradılıb: "Bəs digər mərkəzi icra hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarında niyə ictimai şuralar yaradılmayıb? Ən azı Gəncədə, böyük şəhərlərimizdə icra hakimiyyətləri yanında ictimai şuraların yaradılmasını gözləyirdik, ancaq hələ bundan xəbər yoxdur".

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məsələ ilə əlaqədar Şura yanında işçi qrup yaradılmasını təklif edib.
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Şura yanında nazirliklərin fəaliyyətinə ictimai nəzarət həyata keçirmək üçün İctimai Palata yaradılması təklifini irəli sürüb.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə ekstremal şəraitdə ictimai nəzarətin təşkili üçün QHT qrupları yaradılmasını və QHT-lərlə bağlı qanunvericiliyə edilən son dəyişikliyin tətbiqini azı 3 il olmaqla müvəqqəti dayandırmağı təklif edib.

Azay Quliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezident Azay Quliyevin səlahiyyətlərini artırdı
  

Milli QHT Forumunun prezidenti Rauf Zeyni ictimai nəzarətin təşkili üçün Mətbuat Şurası və QHT-lərin daxil olduğu Vətəndaş Cəmiyyəti Alyansı yaradılmasını təklif edib.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, vətəndaş cəmiyyəti institutları vəziyyətdən hansısa çıxış yolları axtarmaq üçün əvvəlcə informasiyalara çıxış əldə etməlidirlər. "Biz informasiyaya malik olmalıyıq ki, ona uyğun olaraq da çıxış yollarını axtaraq" — deyən Osman Gündüz Şuranın saytında mobil telefonlarla neqativ hallarla bağlı məlumatların qəbulu üçün resurs yaradılmasını təklif edib. O, hazırda "İctimai iştirakçılıq haqqında" qanunun tələbinin yerinə yetirilməsindən çox hansı təcili tədbirlərin görülməli olduğunu müzakirə etməyə ehtiyac olduğunu deyib: "Hökumətin iki gündən bir qərar verib sonra da onu ləğv etməsi gülünc bir şeydir. Bu, xalqın yanında hökumətin qeyri-ciddi obrazını yaradır. Qərarlar qəbul olunanda niyə yüz ölçülüb bir biçilmir, tələm-tələsik verilir ki, sonra da onun ləğvinə zərurət yaranır".

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyin sədri Ülkər Abdullayeva isə deyib ki, Azay Quliyevin mesajı əslində çox aydındır. Çərçivələr yaxşıdır, amma elə məsələlər var ki, onlar çərçivələri sevmirlər və onların açıq mətnlə deyilməsi vacibdir: "Azərbaycan ağır günlərini yaşayır. Vəziyyət getdikcə daha kritik olacaq. Təəssüf ki, hələ də hakimiyyətə yaxın təbəqədə, hökumət orqanlarında bunu gizlətməyə, ört-basdır etməyə meyllər güclüdür. Artıq hamının bildiyi həqiqətləri gizlətməyə çalışmaq, vəziyyətin düzələcəyinə, hökumətin ciddi addımlar atdığına, neftin qiymətlərinin qalxacağına dair yalançı vədlər vermək əhalidə gülüş doğurur, sosial şəbəkələrdə lağ obyektinə çevrilir. Real vəziyyət əhaliyə izah edilməlidir. İnsanlar gələcəkləri barədə bilmək, vəziyyətin düzəldilməsi istiqamətində ciddi addımların atıldığına əmin olmaq istəyirlər. Belə vəziyyətlərdə ən doğru addım hökumət nümayəndələrinin xalqın qarşısına çıxıb baş verənləri aydın bir dillə izah etməsidir və çıxış yollarını göstərməsidir."

QHT sədrinin sözlərinə görə, ölkədəki bu cür ekstremal vəziyyətdə cəmi 5-6 iqtisadçı-ekspert sosial şəbəkələrə, mediaya çıxıb vəziyyəti izah etməyə, çıxış yollarını göstərməyə çalışır. Hökumət isə bu prosesdə gözə dəymir. Ortaya çıxan 3-5 dövlət rəsmisi, millət vəkili də yalan danışır. "Belə həssas məqamları yalan danışmaqla, problemlərin üstünü ört-basdır etməklə yola vermək olmaz. Hakimiyyət xalqla bağlarını qoparmaq istəmirsə, onunda dialoqa girməli, səmimi olmalıdır." — deyən Ü.Abdullayeva ictimai nəzarətin təşkilində mətbuatın əhəmiyyətli rol oynadığını bildirib. Böhran vəziyyətində, ekstremal situasiyalarda medianın informasiyalara çıxışının asanlaşdırılmasının zəruri olduğunu qeyd edən QHT sədri, dövlət orqanlarının medianın operativ reaksiya tələb edən məsələlərlə bağlı müraciətlərinin cavablandırılmasında bürokratik əngəllər yaratdığını deyib.

Həmçinin narazı qüvvələrə qarşı hər hansı zorakı tədbirlərdən çəkinmək lazım gəldiyini də deyən QHT sədri sosial-iqtisadi təlatümlərin fonunda ölkədəki siyasi gərginliyin azaldılması üçün çoxtərəfli dialoq müstəvisinə ehtiyac olduğunu bildirib: "QHT-lərə Dövlət Dəstəyi Şurası məsələlərə çevik reaksiya vermək qabiliyyəti olan ictimai qurum yaratmalıdır. Bu qurum ölkədə vəziyyəti təhlil edib çıxış yollarını göstərməli, atılacaq addımlarla bağlı alqoritmləri təqdim etməlidir. Və onların atdığı bütün addımlar medianın, sosial şəbəkələrin köməyi ilə ictimaiyyətə çatdırılmalıdır."

Digər tədbir iştirakçıları da fikir və təkliflərini səsləndiriblər. Hazırkı vəziyyətdən çıxmaq üçün təcili olaraq, iqtisadi, sosial və ictimaiyyətlə işə dair sahəvi işçi qruplarının yaradılmasına qərar verilib.

Xəbər lenti
0