BAKI, 14 yan — Sputnik. Bir neçə gündür "Yuğ" teatrının binasının söküləcəyi ilə bağlı məsələ gündəmə gəlib. Bu məsələ "Yuğ" sevərləri çox narahat edir. Artıq sosial şəbəkədə bu məsələ müzakirə mövzusuna çevrilib.
Teatrın baş direktoru Tərlan Rəsulov Sputnik-ə açıqlamasında məsələyə belə aydınlıq gətirdi: ""Yuğ" tearının binasının sökülməsi məlumatı tam dəqiq məlumat deyil. Hətta mənim özüm üçün də hələ həllini tapmayan məsələdir".
Bununla belə, baş direktor sökülmə ehtimalını istisna etməyib: "İstənilən halda fərq eləmir. Biz öz işimizi tam sürətilə görürük. Bina sökülərsə, teatr başqa bina ilə təmin oluna bilər".
Binanın sökülmə səbəbinə gəlincə, T.Rəsulov bununla bağlı onlara konkret məlumat verilmədiyini bildirdi. Sosial şəbəkədə yayılan məlumatlara görə isə, "Yuğ"un binası dövlət ehtiyacları üçün plana düşüb.