BAKI, 19 dek-Sputnik. Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın təkbətək görüşü onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib.
Bu fikirlər iki ölkə prezidentlərinin İsveçrənin Bern şəhərində keçirilən görüşünün yekununa dair ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb.
Bəyanatda bildirilir ki, görüş zamanı prezidentlər bu yaxınlarda təmas xəttindəki gərginliyin artmasından, ağır hərbi texnikadan istifadə nəticəsində mülki şəxslərin ölümündən narahat olduqlarını xüsusi olaraq qeyd ediblər. "Prezidentlər həmsədrlərin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirilməsini təsdiqləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər", — fikri sənəddə yer alır.
Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə vasitəçilik etməyə hazır olduqlarını vurğulayıblar.