Böyük Britaniyanın neft-qaz şirkəti (BP) bütün dünyada olduğu kimi Azərbaycanda da ixtisarlar keçirdi. Belə ki, şirkətin Azərbaycan nümayəndəliyinin 50-yə yaxın əməkdaşı işdən azad olunub. BP qarşıdakı iki il ərzində ümumiyytələ müxtəlif ölkələrdə 4 min iş yerini ixtisar etməyi planlaşdırır.
Bəs ixtisar olunan işçilərin hüquqları nə dərəcədə qorunur? Sputnik bu və digər məsələləri aydınlaşdırmağa çalışıb. Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı “Sputnik”ə bildirdi ki, hüququ pozulan işçilər onlara müraciət ediblər.
“BP şirkəti ixtisarlarını ötən ildən başlayıb və bu il də davam elətdirir. İxtisarla əlaqədar hüququ pozulan insanlar bizə müraciət etdilər. Onlar dedilər ki, bu gün bizə ixtisar xəbərini verib bütün kompüterləri və email ünvanlarımızı bağlayıb yola saldılar. Bir nəfər BP şirkətinin işçisini isə artıq biz işə bərpa etmişik. Onun cəsarəti çatdı və məhkəməyə müraciət edərək prosesi uddu”, —deyə M.Qəhrəmanlı bildirdi.
Azərbaycan qanunvericiliyinə əsasən, işçilər ixtisar edildikdə onlara orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov xatırladır ki, bu təminatlar yalnız müqavilə ilə çalışan işçilərə aiddir:“Əmək Məcəlləsində minimum tələblərin göstərildiyi prinsip var. Amma elə şirkətlər var, məsələn, yerli şirkətlərdən SOCAR, ola bilsin, BP-nin özündə hansısa proqramlar var. Onlar daha üstün sosial proqramlar tətbiq edirlər və bundan sonra işçiləri ixtisara salırlar. Amma Əmək Məcəlləsində göstərilib ki, işçiyə iki ay əvvəlcədən xəbərdarlıq edilməlidir. İki ay dövründə hər iş həftəsində bir gün ona icazə verilməlidir ki, gedib özünə iş axtarsın".
İki ay bitdikdən sonra ona bir aylıq kompensasiya verilməlidir və onunla əmək müqaviləsinin 70-ci maddəsinin B bəndi ilə xitam verilməlidir. Amma əmək müqaviləsi ilə işləməyən işçilər üçün isə heç bir təminat yoxdur. Onlara deyirlər ki, “sabahdan işə gəlmə”, onlar da gəlmirlər”, —deyə S.Məmmədov vurğuladı.
Lakin bəzi hallarda işçini ixtisar edərkən ona reallaşmayacaq təkliflər də edilir. Mirvari Qəhrəmanlı bu cür hallarda daha ehtiyatlı olmağı məsləhət görür: “Çox vaxt, istər xarici şirkətlərdə, istər də ki, bizim yerli şirkətdə kimisə ixtisara salanda ona ümidverici bir təklif edirlər ki, hələ biz sizi öz kadr bazamızda saxlayırıq və ehtiyac olduqca sizi işə götürəcəyik. Bu aldadıcı bir sözdür və mən bunu düzgün qəbul etmirəm. Yəni, bu halda, mən tək işəgötürəni deyil, öz həmvətənlərimi də qınayıram. Ola bilər ki, xarici işçilərlə də qanun pozuntusu olsun, amma mən həmvətənlərimi qınayıram ona görə ki, qanunu bilmək və qarşı tərəfdən də onu tələb etmək lazımdır”.
Qeyd edək ki, bundan sonra da yeni ixtisarların və hüquq pozuntularının olacağı istisna olunmur. Neft sektorunda da yeni ixtisarlar ola bilər. Səbəb isə odur ki, nə qiymətlər nə də hasilat qalxmır.