BAKI, 13 yan — Sputnik.Bu gün Bakının Dənizkənarı Milli Parkında şəhər sakinləri "Günəşli" yatağının 10 saylı platformasında baş verən qəza nəticəsində həlak olan və itkin düşən neftçiləri yad edirlər. Sputnik xəbər verir ki, bu gün həmin dəhşətli faciədən 40 gün keçir.
Neftçilərin anım mərasiminə toplaşan şəxslər Bakı bulvarının sahilinə qərənfillər düzüblər. Onların arasında ölənlərin qohumları, ayrı-ayrı təşkilatların nümayəndələri, bu faciədən mütəəssir olmuş sadə vətəndaşlar da var. Bu gün bütün gün ərzində adamlar dənizə gül buraxır və faciə qurbanlarını sükutla yad edirlər.
Xatırladaq ki, ötən ilin 4 dekabrında dənizdə baş vermiş güclü fırtına nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması şiddətli yanğına səbəb olub. Qəza nəticəsində platformanın 33 işçisinin həyatı xilas edilib. 11 neftçinin cəsədi tapılıb, 19 nəfər isə itkin düşmüş sayılır. İtkin düşənlərin axtarışı bu günə qədər davam etdirilir.