BAKI, 12 yan – Sputnik. Bugün İstanbulun Sultanahmet meydanında baş verən partlayış dünya mətbuatında da geniş işıqlandırılıb. Hadisənin təfərrüatları barədə rəsmi açıqlama verilməsə də, prezident Rəcəb Tayyib Ərdoğan partlayışı Suriya əsilli canlı bombanın törətdiyini ehtimal edib. Bir çox analitiklər də canlı bomba versiyasını ön plana çəkir.
Hələlik 10 nəfərin dünyasını dəyişdiyi partlayış ərazisində çoxlu sayda xarici turistlər olub. Elə yaralananların çoxu da məhz onlardır.
Mövzunu Sputnik üçün şərh edən politoloq Qabil Hüseynli bir neçə versiya üzərində durub:
“Əlbəttə İŞİD terror təşkilatı da göz ardı edilməməlidir. Ancaq bugün Türkiyə dövləti həm də PKK və onun Suriyadakı qolu PYD ilə mübarizə aparır. Bütün versiyaların olması mümkündür. Bu PKK-nın diqqətdən yayınma cəhdləri də ola bilər. Çünki canlı bomba üsulundan onlar yarandığı gündən istifadə ediblər. Həmçinin də onların Suriyadakı qolu olan PYD partlayışı törədə bilər. Nəzərə alaq ki, Türkiyə ordusu PYD silahlılarının Suriyada Fərat çayının qərb sahilinə keçməsinə imkan vermir. Çünki PYD-nin məqsədi türkmən kəndlərini boşaldaraq ora özlərini yerləşdirməkdir”.
Mənfur hücumdan sonra mətbuata açıqlama verən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, İŞİD-lə PKK, PYD-ni eyni gördüklərini, hər üç terror təşkilatı ilə mübarizələrinin davam edəcəyini söyləyib.
Çıxışının davamında Ərdoğan, İŞİD-lə mübarizə apardıqlarını iddia edən Rusiya və İranın ünvanına da sərt ismarıc göndərib:
“Rusiya İŞİD-lə savaşmır. Onlara qarşı mübarizə aparmır. Tam əksinə, Rusiya hazırda Suriyanın şimalında butik Suriya dövləti qurmağa cəhd etməklə özünə məkan hazırlayır. Soydaşlarımızı, türkmən qardaşlarımızı bombalayır. Qaldı ki, İrana, bu ölkə məzhəbçiliyi yaymaqla, bölgədə fitnə çıxarmaqla məşğuldur. Və bu çox təhlükəlidir. Məhz öz çirkin niyyətini həyata keçirmək istəyən İran, Səudiyyə Ərəbistanı və körfəz ölkələri ilə münasibətləri gərginləşdirməyə can atır”.