Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Büdcəni 10 milyarda da salsalar, kəsirləri bağlamaq çətin olacaq"

© wikipediaAzər Qasımlı - politoloq
Azər Qasımlı - politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Azər Qasımlı: Yaxın gələcəkdə ABŞ şişt qazını ixrac etməyə başlayacaq. Bu da əlavə olaraq dünya bazarında qiymətləri aşağı salacaq.

BAKI, 12 yan-Sputnik. Manatın ikinci devalvasiyasından sonra Azərbaycanın yaxın gələcəyi ilə bağlı xeyli qaranlıq suallar meydana çıxıb. Dünya bazarında neftin sürətlə ucuzlaşması fonunda iqtisadiyyatı əsasən neftdən asılı olan ölkəmizin aqibəti necə olacaq? Nə etmək lazımdır ki, Azərbaycan onu gözləyən mərhumiyyətlərdən daha az itki ilə çıxsın? Sputnik-in bu mövzularla bağlı suallarını REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı cavablandırıb.

- Azər bəy, Azərbaycanın hazırkı durumunu qısaca necə şərh edərdiz? Hazırda ölkədə nə baş verir?

— Azərbaycan iqtisadiyyatının durumu göz qabağındadır. 10 ay ərzində manat 90%-dən çox devalvasiyaya məruz qalıb. Bu o deməkdir ki, vətəndaşların gəlirləri azalır, böyük işsizlər ordusu yaranacaq, idarə və müəssisələr 100 minlərlə adamı işdən çıxarmaq məcburiyyətində qalacaq, özəl sektorda da böyük işsizlər ordusu yaranacaq. 2016-cı ildə işsizlik böyük bir problemə çevriləcək. Əgər neft 30 dollar civarında olsa, Azərbaycan iqtisadiyyatına ciddi təsirini göstərəcək.

- Qarşıda Azərbaycanın həyata keçirəcəyi strateji layihələr var. Hakimiyyət nümayəndələri ümid edirlər ki, çətinliklər maksimum 2018-ci ilə qədər olacaq. Doğrudanmı, Azərbaycanın əhalini 2018-ci ilə qədər saxlayacaq həcmdə ehtiyatları yoxdur?

— Biz bu gündən, 2016-cı ildən danışdıq. Amma 2016-cı ildə ölkə qalıqların hesabına yaşayacaq. Məni ən çox 2017-ci il narahat edir. Bu gün Azərbaycan hökuməti daha çox 2017-ci ili düşünməlidir. Büdcə kəsirlərini bağlamaq üçün Neft Fondunda hələ ki, vəsait var. Amma neftin qiyməti 30 dollar civarında olsa, Neft Fondunda vəsait qalmayacaq. 2017-ci ilin ortalarına qədər Neft Fondundakı pullar tamamilə əriyə bilər. Büdcəni azaldaraq, hətta 10 milyarda da salsalar, kəsirləri bağlamaq çətin olacaq. Strateji layihələrə gəlincə, Azərbaycan hökuməti öz üzərinə 2018-ci ilə qədər TANAP, TAP və "Şahdəniz 2" ilə bağlı öhdəliklər götürüb. Bu layihələrin reallaşması üçün Azərbaycan, təqribi desək, ən azı 10 milyard dollar ödəməlidir. Çünki ölkəmizin bununla bağlı beynəlxalq öhdəlikləri var. Valyuta gəlişinin ciddi surətdə azaldığı bir vaxtda, Azərbaycan bu vəsaitləri haradan tapacaq, o layihələri nəyin hesabına reallaşdıracaq?

- Dünya təcrübəsində var ki, dərin iqtisadi böhran dövrlərində dövlətlər bir sıra layihələrin, o cümlədən də strateji layihələrin icrasını dayandırırlar. Azərbaycan öz durumunu nəzərə alaraq bu layihələrdən bir müddət imtina edə bilərmi?

— Bu layihələrdən imtina danışıqlar mərhələsində mümkün idi. Azərbaycan artıq adıçəkilən beynəlxalq layihələri imzalayıb, müvafiq müqavilələr bağlanıb, öhdəliklər götürülüb. Azərbaycan yenə də bu layihələrdən imtina etmək hüququnu özündə saxlayır. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan imtina etsə, təzminat ödəməli olacaq. Eyni zamanda Avropa ilə münasibətlərini ciddi şəkildə korlayacaq. Rəsmi müqavilələrdən imtina etmək Azərbaycanın beynəlxalq imicinə böyük zərbə vurar və dövlət etibardan düşər. Digər tərəfdən bu layihələrin gələcəyini də düşünmək lazımdır. Neftin qiymətlərinə paralel olaraq qazın da qiymətləri düşür. Kifayət qədər qaz ehtiyatına malik olan Rusiya öz qazına alıcı tapa bilmir. Diqqət etdinizsə, bu yaxınlarda Rusiya Ukraynaya çox ucuz qiymətə qaz göndərməyə başladı. Halbuki bu iki ölkə arasında münaqişəyə səbəb olan faktorlardan biri də Rusiyanın Ukraynaya qazı indikindən təqribən iki dəfə artıq qiymətə satmaq istəməsi idi. Deməli, Azərbaycan sözügedən layihələri reallaşdırsa belə, onların rentabelli olacağı böyük sual altındadır. Hələ nəzərə alaq ki, Azərbaycan öz qazını dünya bazarına 2020-ci ildə çıxarmağa başlayacaq. Hələ indi qazın qiyməti iki dəfə aşağı düşüb. Onda vəziyyətin necə olacağını təsəvvür etmək mümkün deyil. Biz hələ bizi dünya enerji bazarında daha hansı sürprizlərin gözlədiyindən xəbərsizik. ABŞ neft hasilatına 1973-cü ildə qoyduğu qadağanı aradan qaldırdı. İndi o, neft ixrac edən ölkəyə çevrilib. Yaxın gələcəkdə ABŞ şist qazını ixrac etməyə başlayacaq. Bu da əlavə olaraq dünya bazarında qiymətləri aşağı salacaq. Əgər Avropanın enerji ilə təminatını ABŞ öz üzərinə götürsə, onda Azərbaycan özünün əsas bazarı olan Avropanı itirəcək.

Azərbaycan öz maliyyə durumunu nəzərə alaraq "Şahdəniz 2", TAP, TANAP konsorsiumuna girən şirkətlərə təklif edə bilər ki, mən müəyyən müddət öz payımdan imtina edə bilərəm, siz layihənin maliyyə xərclərini üzərinizə götürün. Bildiyim qədər, belə bir təklif olmuşdu, amma konsorsium iştirakçılarından reaksiya olmadı. Onlar müsbət reaksiya versəydilər belə, Azərbaycan öz gəlirlərindən imtina etməli olacaqdı ki, onda da Azərbaycana bu layihələrdən xeyir gəlməyəcəkdi. Yəni vəziyyət göründüyündən daha mürəkkəb və kritikdir.

Добыча нефти в США - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Amerika neft ixracına başladı

-Bəs bu vəziyyətdən heç çıxış yolu yoxdurmu?

— Bu vəziyyətdən ancaq ciddi siyasi addımlarla çıxmaq mümkündür. Siyasi islahatlar olmasa, iqtisadiyyatda heç bir dəyişiklik olmayacaq. Və hesab edin ki, iqtisadi islahatlar başladığı gündən etibarən, Azərbaycan onun müsbət nəticəsini ancaq 5 ildən sonra görəcək. Bir sözlə, biz uzunmüddətli böhrana hazırlaşmalıyıq. Nə qədər ki, ölkə tamamilə müflisləşməyib, siyasi addımlar məhz bu gündən başlayaraq atılmalıdır. Sabah gec ola bilər.

- Siz "siyasi addımlar" deyəndə nəyi nəzərdə tutursuz?

— Əvvəla bütün siyasi məhbuslar azadlığa çıxmalıdır. İkincisi, beynəlxalq müşahidəçilərin tam nəzarəti altında şəffaf və azad növbədənkənar parlament seçkiləri keçirilməlidir. Xalqın iradəsini əks etdirən parlament siyasi islahatlar təkliflərini hazırlamalıdır. Sonra isə siyasi idarəetmədə islahatlar olmalıdır. Effektiv hökumət modelinə keçmək lazımdır. Hökumətdə bu islahatları həyata keçirəcək yeni düşüncəli, savadlı, bilikli, aydın ideyaları olan, yeni təfəkkürlü insanlardan ibarət olmalıdır. Azad iqtisadiyyat, effektiv hökumət formalaşdırılmalıdır.

Xəbər lenti
0