BAKI, 9 yan — Sputnik. Nasizm ideologiyasının banisi Adolf Hitlerin müəllifi olduğu və siyasi-ideoloji görüşlərinin əks edildiyi „Mayn kampf“ („Mein Kampf — Mənim mübarizəm“) proqrammatik kitabının yeni tənqidi nəşri hazırlanıb. Münxen Müasir Tarix İnstitutunun alimləri tərəfindən hazırlanan tənqidi nəşr Hitlerin qələmə aldığı orijinal mətnə „cavab nitqi“ kimi dəyərləndirilir.
Münxen Müasir Tarix İnstitutunun direktoru Andreas Virşinq bildirib ki, nasionalsosializm terroru qurbanlarının perspektivində kitabın yeni nəşri ilə bağlı etiraz və tənqidi fikirləri anlayışla qarşılayır, lakin bu əsərin şərhli və tənqidi nəşrinin ictimaiyyətə təqdim edilməməsi bəşəriyyət qarşısında məsuliyyətsizlik olardı. Hitler tərəfindən xalqa sırınan saxta informasiyalar, yalan ideologiyası və təbliğati fikirlərin elmi şəkildə ifşa edilməsi, eyni zamanda nasionalsosializm qurbanlarının xatirəsi önündə elmi xidmətdir və Avropada sağçı-radikal hərəkatın gücləndiyi indiki zəmanədə bu kitabın mistik gücünün zəiflədilməsinə töhfə verəcəkdir.
Qanunla nəzərdə tutulmuş 70 illik müəlliflik hüququ məhdudiyyətinin 2015-ci ilin sonunda başa çatması əsərin yenidən nəşrə hazırlanmasını mümkün edib. 1945-ci ilədək 12 milyon nüsxə ilə çap edilən və demək olar ki, hər bir alman ailəsinin stolüstü kitabına çevrilmiş „Mein Kampf“ kitabı üzərində müəlliflik hüququ Adolf Hitlerin ölümündən sonra Bavariya federal əyalətinin səlahiyyətinə keçsə də, federal əyalətin müvafiq qurumları ötən 70 il ərzində əsərin təkrar çapından imtina etmişdi. Əsərin orijinal versiyasının şərhsiz nəşri bundan sonra da qadağan olaraq qalacaqdır.