BAKI, 28 dek-Sputnik. "Əli və Nino", "Hökmdarın taleyi", "Cavid ömrü", "Qala", "Dronqo", "Qorxma mən səninləyəm" kimi filmlərdə maraqlı obrazlar yaratmış aktyor və rejissor Pərviz Məmmədrzayev səhnənin görünməyən üzü barədə fikirlərini Sputnik-lə bölüşüb. O, kino və teatr sahəsindəki nöqsanlardan, ədalətsizliklərdən danışıb. Onunla müsahibəni təqdim edirik.
- Mövcud durumda kinonun inkişafı üçün hansı addımlar atılmalıdır?
— Kino çox ciddi bir sahədir. Kino əlinə kamera alıb, nəsə çəkmək deyil. Rejissorun film çəkmək mədəniyyəti olmalıdır. İndiki dövr kinonun yeni yaranma dövrü deyil ki, əlinə kamera alıb nələrsə çəkib, 15 — 20 dəqiqəlik rolik hazırlayıb kinoteatra çıxarasan. Çox təəssüflə deyə bilərəm ki, indi toy çəkənlərin və bəzi bayağı zövqlü insanların əlinə imkan düşüb. Onlar film çəkir, normal rejissorlara isə elə də imkan verilmir. Halbuki, bunu telefonla da çəkmək olar, heç o böyüklükdə kameraya ehtiyac yoxdur. Mənim üçün kino böyük anlayışdır. Bu işdə olan hər bir insan mükəmməl dərəcədə işini bilməlidir. Kinoda ssenari, rejissor işi, aktyor işi, montaj hər biri yüksək səviyyədə işlənilməli və biri — birini tamamlamalıdır. İlk növbədə müstəqil prodakşnlar olmalıdır. Bu prodakşnların ayaqüstə durması və özlərini doğrultmaq üçün müəyyən müddətlik dövlətin dəstəyi lazımdır. Çox təəssüf ki, bizdə aktyor və film haqında ən sonra düşünürlər. Əvvəl ciblərini düşünürlər. Özüm şahidi olmuşam ki, filmlərin birinin çəkilişində hələ ilk "motor" sözü deyilməmiş, filmin direktoru filmə ayrılmış büdcə ilə özünə maşın alıb. Artıq o şəxsə nə aktyor, nə də film maraqlı deyildi. İlk növbədə yuxarıdan pul yeyintisi olmamalıdır, ayrılan məbləğ filmlərə xərclənməlidir, kimlərinsə cibinə getməməlidir. Sadaladığım bu amillər düzəlsə, bu sahədə inkişafı görə bilərik.
"Kino sahəsi toyları çəkən adamların əlindədir. Şikayət edən aktyora təzyiq edirlər"
- Ölkə başçısının kinonun inkişafı üçün imzaladığı sərəncamdan sonra bu sahəyə milyonlarla pul yatırılıb. Bu, milli kinomuzda hansısa dəyişiklik yaradıbmı?
— Müstəqil prodakşnlara bir balaca imkan yaradıldı. Serial çəklişlərinə başlanıldı. Lakin çox az sayda, iki və ya üç serial üzə çıxarıldı. Ölkəmizdə serial anlayışı yaranmağa başladı. Düzdü yüksək səviyyədə seriallarımız yoxdur. Səbəbi isə serialların əksəriyyətinin toy çəkənlərin əllərində olmasıdır. Bədii film sahəsində isə bir neçə rejissorumuz sözün yaxşı mənasında istedadlarını nümayiş etdirə bildilər. Elxan Cəfərov, Samir Kərimoğlu az büdcə ilə yüksək səviyyədə filmlər çəkdilər. Çünki, onlar ciblərini yox, filmin keyfiyyətini fikirləşdilər. Ola bilsin radikal səslənsin, ancaq qətiyyətlə deyə bilərəm ki, onlar bir çox yaşlı nəsil rejissorlarımızdan daha yaxşı iş gördülər. Bu illərdə Fikrət Əliyev, Oqtay Mirqasımov çox ustalıqla işlənmiş filmlərini təqdim etdilər.
- Demək olar ki, keçmiş nəsil aktyor və aktrisaların davamçıları gözə dəymir. Sizcə bunun səbəbi nədir?
— İlk növbədə problem universtetdən başlayır. Keçmişdə adı institut getsə də, müəllimlər bir növ emalatxana yaratmışdılar. Yəni mən bu emalatxanada aktyor yetişdirirəm. Rəhmətlik Şahmar Ələkbərov, Həsən Məmmədov və daha kimləri misal göstərmək olar ki, onlar o emalatxanada səhərdən axşama dərs keçib, öz üzərlərində işləyiblər. İkinci növbədə isə bu gün cəmiyyətimizdə aktyora axırıncı şəxs kimi baxılmasıdır. O da bizim mədəniyyətə verilən qiymətə görədir. Fikirlərimi radikal deyəcəm, baxmayaraq ki, özüm respublikanın əməkdar artistiyəm. Bu gün aktyor sənətinə qətiyyən qiymət verilmir. Düzdür, 15 — 20 nəfər aktyora mükafat verilir. Bu o demək deyil ki, aktyorların hamısı ancaq 15-20 nəfərdən ibarətdir. Aktyor var ki, 20 ildi kirayə mənzildə yaşayır, amma bir dəfə də olsun səsini çıxarıb demir ki, mənim evim yoxdur. Amma sovet dövründə onun əvəzinə Həmkarlar İttifaqı çalışırdı. İndi onlar yoxdur. Aktyor harasa ərizə yazanda dərhal ona təzyiqlər olur, "sən bizim başımızın üstündən iş çevirirsən" deyilir. Axı siz bu aktyoru da fikirləşməlisiz. Xarici ölkələrin aktyoru bir filmə çəkilir, özünə ev alır, bizdə isə filmə çəkilən aktyor hec borclarını qaytara bilmir. Sənətkar dediyimiz aktyorlar rəhmətə gedir, heç onların yas mərasimləri düzgün təşkil edilmir. Axı niyə İlham Əsgərov, Ələsgər Məmmədoğlu kimi sənətkarların yasına belə az sayda adam getməliydi?! Bu qədərmi lazımsızdı?! Yaxşı əgər lazımsızdırsa, bağlayın teatrları, bu sənətə gələn olmasın. Niyə açmısınız bu qədər teatrları?! Pul yumaq xatirinə?! Mən istənilən vaxtı teatrı atıb gedə bilərəm, bu güc məndə var. 2010- cu ildə teatrdan uzaqlaşanda fikirləşirdim ki,teatrsız yaşaya bilmərəm. Amma gördüm, yox, yaşamaq olur. Bu kimi problemlərdi ki, keçmiş nəsil aktyorların davamçıların görə bilmirik.
""Əli və Nino" filmində bizim orta adlandırdığımız aktyorlar çəkiliş meydanında ordakı əcnəbi aktyorlardan daha güclü görünürdülər. Digər ölkələrdən dəvət olunan aktyorları yüksək səviyyədə yola salırlar. Bizə çatanda "allaha and olsun, qazanın dibində nə varsa onu gətirmişəm" deyilir"
- İstedadca bizim aktyorlardan çox da fərqlənməyən, hətta bir çox hallarda geri qalan əcnəbi aktyorlara yüksək qonorar verərək Azərbaycan filmlərinə dəvət edirlər. Bəs bizim aktyorlara niyə yüksək qonorar təklif olunmur?
— "Əli və Nino" filmində şahidi oldum ki, bizim orta adlandırdığımız aktyorlar çəkiliş meydanında ordakı əcnəbi aktyorlardan daha güclü görünürdülər. O filmdə içi mən qarışıq bizi demək olar ən axırıncı plana atdılar ki, görünməyək. Amma filmin mövzusu azərbaycanlının problemidir. Əcnəbi nə qədər yüksək səviyyədə aktyor olsa belə, azərbaycanlı aktyor kimi o obrazı yarada bilməz. Çünki, o problem bizə məxsusdur. Əcnəbi aktyor öz ölkəsinə aid obrazı mükəmməl yarada bilər. Bu obrazı yaratmaq üçün ona bir neçə ay lazımdır. Belə fikirləşirəm ki, əcnəbi aktyorların filmlərimizə dəvət olunması filmin daha çox tirajlanmasına nail olmaq üçün atılan addımdır. Digər ölkələrdən dəvət olunan aktyorları yüksək səviyyədə yola salırlar, bizə çatanda "allaha and olsun qazanın dibində nə varsa, onu gətirmişəm" deyilir. Bir dəfə sənətinə hörmət etdiyim rejissorlarımızdan biri "aktyor nədir ki, hələ bir onun fikri də ola" dedi. Bu ifadə mənə cox pis təsir etmişdi. Necə yəni aktyor nədir ki?! Aktyorsuz necə tamaşa qura bilərsən, necə film çəkə bilərsən?! Özümüzə qiymət verməyi bacarmırıq.
- Azərbaycanda son illərdə çəkilən filmlərdə, eləcə də seriallarda həddindən artıq pafos var. Sizcə bu nə ilə bağlıdır? Aktyorlar zəifdir, yoxsa rejissorlar qeyri-peşəkardır?
— Filmlərdə pafosun olması ssenaridən irəli gəlir. Kinonun dili lakonik olmalıdır. İstənilən xarici filmdə bədii danışıq yoxdur. Ssenaridə dəqiq yadımda deyil, hər cümlədə neçə dənə isə söz olmalıdır. Həmin saydan çox söz olanda, aktyor deyir ki, ssenari standartlara uyğun deyil. Hər şey ssenaridən başlayır. Bizdə isə yalançı bədii sözlərdən istifadə olunur. Mən çəkildiyim filmlərin bir çoxunda yaradacağım obrazın sözlərini dəyişmişəm. Məsələn, mən avtoritet obrazında ədəbiyyat müəllimi kimi danışsam, əlbəttə ki pafos yaranacaq. Digər səbəb isə rejissorun müasir texniki imkanlarla uygunlaşmamasıdır.
"Teatr bura canını qoyan insanların qarnını doyurmur"
- Siz aktyorların məvacibinin azlığından şikayətləndiniz. Amma həkimlərin, müəllimlərin, dövlət qulluqçularının və s. maaşlarının artırılması tez-tez gündəmə gəlsə də, aktyorların məvaciblərindən onların özlərindən başqa heç kəs danışmır. Səbəb?
— Əvvəla, 10-15 nəfər aktyorun qarnını doyurmaqla cəmiyyəti aldatmaq düzgün deyil. Çünki bütün aktyorlar o 10-15 nəfər kimi yaşamır. Sonra deyirlər "canları çıxsın məşq etsinlər." Halbuki, çox məvacib alan aktyorlar digərlərindən o qədər də fərqlənmirlər. Əməkhaqqı görülən işə görə hesablanmalıdır. Amma indi elə deyil. Qocaman aktyor oldunsa, aylarla teatra gəlməsən də aylıq məvacibini alırsan. İçi özüm qarışıq, belə məqamlar biz gənclərin yolun bağlayır və biz teatrdan uzaq durmağa çalışırıq. Çünki teatr bura canını qoyan insanların qarnını doyurmur.
- Azərbaycan Dövlət Mədəniyyət və İncənət Universtetinin müəllimi kimi bu günkü tədris prosesindən razısınızmı?
— Qətiyyən razı deyiləm. İlk olaraq sənət dərslərindən çox nəzəri dərslərə üstünlük verilir. Tələbə bilmir ki, ona boşuna yüklənmiş dərsi hazırlasın, yoxsa sənət dərsinə hazırlaşsın. Əlbəttə tələbəyə, aktyora, rejissora intellekt vacibdir. Amma qondarma dərslər yox. Hələ indi bəzi dərslər çıxarılıb. Dərs əgər gələcəkdə tələbəyə lazım olmayacaqsa, bu artıq yükdür. Ondan xilas olmaq lazımdır ki, tələbə sənəti ilə daha çox məşğul ola bilsin.
Söhbətləşdi: İbrahim Aydın
Bioqrafiya: Pərviz Məmmədrzayev. Pantomima aktyoru. 1994-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatr-kollektivinin rejissoru fakültəsini bitirib və elə həmin ildən də Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışır. Həmin teatr-studiya 2000-ci ildə Dövlət statusu alıb. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan Pərviz Məmmədrzayev bu müddət ərzində S.Mrojekin "Karol xofu", Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?", B.Xanızadənin "Nağaraçılar", "Bayraqdarlar", "Şərqə səyahət", S.Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş.Əttarın "Uçuş", Üzeyir Hacıbəyovun "Dulusçu", Uilyam Şekspirin "Eşq" tamaşalarında uğurla çıxış edərək özünü peşəkar aktyor kimi təsdiq edib.
1998-ci ildə dünya şöhrətli gürcü rejissoru Robert Sturuanın ustad siniflərində dərs alıb. Kollektivlə birgə dünyanın bir çox ölkələrində keçirilən müxtəlif festival və seminarlarda iştirak edib. Gürcüstanda keçirilən "Teatr+Video" festivalı, Rusiyada Azərbaycan Mədəniyyəti Günləri, Fransada Dədə Qorqud dastanın 1300 illik yubiley şənlikləri, Türkiyədə IV Ankara Teatr Festivalı, Bolqarıstanda "İfaçılıq sənətləri üzrə yay akademiyası" seminarları, Gürcüstanda "Qızıl Maska" Beynəlxalq Teatr Festivalı, İranda I Beynəlxalq Pantomima Festivalı, Almaniyada "VIII — Unidram" Festivalı, Türkiyədə VI Ankara Teatr Festivalı, İranda "Dostluq" Teatr Festivalı, Misirdə Eksperimental Teatr Festivalı və bir sıra başqa beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib və Pantomima Teatrını bu ölkələrdə tanıdıb.
2010-cu ilin mart ayından müstəqil fəaliyyətə başlayıb. Həmin ilin may ayında "Simsar" teatr-studiyasını yaradıb. Teatr-studiya "Vaqa" adlı ilk tamaşasını 2011-ci il yanvarın 27-də göstərib. 16 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilib. 2013 — cü ildən Akademik Milli Dram teatrının studiyasında ritm və plastika üzrə müəllim və həmin teatrın aktyoru kimi çalışır. 2001- ci ildən isə həm də ADMİU- nun "Xoreoqrafiya sənəti və səhnə plastikası" kafedrasında müəllim kimi (Səhnə hərəkəti,səhnə döyüşü, qılınc təlimi, plastika və pantomima fənnləri üzrə) fəaliyyət göstərir.