BAKI, 7 yan-Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, yanvarın 7-də mütəşəkkil banklararası bazarda keçirdiyi valyuta hərracında 50 mln. ABŞ dolları satıb. Bununla da bankların cari tələbinin təxminən 20%-nin qarşılandığı bildirilir.
Sputnik "Report"-a istinadla xəbər verir ki, hərracdan dərhal sonra nağd dolların alış-satış məzənnəsi 1,65-1,70 AZN/USD-dən 1,75-1,80 AZN/USD-yə qədər yüksəlib. Hazırda satışın 1,80-dən həyata keçirildiyi bildirilir.
"Bank dairələrindən verilən məlumata görə, sabah AMB-nin hərrac keçirməyəcəyi bildirilir. Belə olarsa, həftə sonu nağd dolların satış məzənnəsinin 2,00 AZN/USD-yə qədər yüksəlmə ehtimalı yaranır", — deyə "Report"un analitikləri vurğulayıb.
Neft məsələləri üzrə ekspert İlham Şaban sabah Mərkəzi Bankın hərrac keçirməyəcəyini qeyd edib. Onun fikrincə, buna səbəb bu günkü hərraclarda dolların kursunun artıq 1,80 AZN-ə qədər artmasıdır. Şəhərdəki valyuta dəyişmə məntəqələri 1.74 kursu yazsalar da, dollar satmayıblar.