BAKI, 7 yan – Sputnik. Manatın dəyərdən düşməsi Bakının avtomobil bazarında özünü “ikinci əl” maşınların qiymətinin azalmasında göstərib. Onların qiymətləri dekabr devalvasiyasından sonra ciddi surətdə düşüblər və tezliklə əvvəlki rəqəmlərin qayıtması gözlənilmir. Sputnik-in müxbiri Bakının maşın bazarına gedərək yerində satış və qiymətlərlə bağlı vəziyyəti öyrənməyə cəhd edib.
Bazardakı satıcıların sözlərinə görə, dekabr devalvasiyasından əvvəlki bir neçə ay ərzində avtomobillərin alqı-satqısında bir qədər canlanma hiss olunurmuş. Bazar tədricən öncəki fevral devalvasiyasından özünə gəlirmiş. Lakin satıcıların sözlərinə görə, hazırda avtomobil bazarı sadəcə staqnasiya vəziyyətindədir. Qiymətlər düşsə də, insanlar avtomobil almağa tələsmirlər.
Belə ki, əgər rəsmi avtosalonlar yüksək qiymətləri servis müddətinin artırılması və güzəştli kreditlərlə kompensasiya edərək qiymətləri köhnə səviyyədə saxlaya və yaxud manatın dollara qarşı kursina uyğun qaldıra bilirlərsə, “ikinci əl” avtomobil bazarında vəziyyət başqa cürdür.
Bu bazardakı geriləməni satıcılar alıcılıq qabiliyyətinin düşməsi və çoxlarının qiymətlərin “dayanmasını” gözləyərək gözləmə mövqeyini seçməsi ilə bağlayırlar. Onların proqnozlarına görə, işlənmiş avtomobillərin qiymətləri düşməkdə davam edəcək, çünki öz maşınını satmaq istəyən çoxdur, alıcılar isə azalıb. Satıcılar avtomobili satmaq üçün qiymətləri aşağı salmağa məcbur olacaqlar.
Həmçinin müəyyən səbəblərdən avtokreditlərini ödəyə bilməyən avtomobil sahibləri də qiymətlərin enməsində müəyyən rol oynayacaqlar. Bu şəxslər avtomobilə bank tərəfindən həbs qoyulmamış və ya kredit üzrə borc böyüməmiş maşından canlarını qurtarmağa məcbur olacaqlar. İşlənmiş avtomaşınların düşməsində avtomobillərin ehtiyat hissələrinin qiymətlərinin artması da böyük rol oynayır. Maşın alverçiləri manatın kursu ilə bağlı qeyri-müəyyənlikdən və milli valyutanın yaxın gələcəkdə mütləq düşəcəyi barədə şayiələrdən şikayət edirlər.
Bu arada ehtiyat hissələrinin ucuz olması və yanacağı qənaətlə işlətməsi səbəbindən Koreya istehsalçılarının avtomobillərinə maraq artıb. Avtomaşın sahibləri arasında ənənəvi olaraq populyar olan markalar da mövqelərini ciddi surətdə itirməyiblər. Üstəlik, satıcılar qeyd edirlər ki, getdikcə daha çox alıcı avtomobilin kreditlə alınması və ya barter edilməsi variantları ilə maraqlanırlar.
Sizə ən populyar işlənmiş avtomobillərin dekabr devalvasiyasına qədər və ondan sonrakı qiymətlərini təqdim edirik. Qiymətlər ABŞ dolları ilə göstərilib:
Avtomobilin markası |
Buraxılış ili |
Mühərrikin həcmi |
Dekabr devalvasiyasınadək qiymətlər |
Dekabr devalvasiyasından sonrakı qiymətlər |
Mercedes E Class W210 |
1999-2001 |
2400 sm3 |
8000 — 10000 |
5500 — 7500 |
Mercedes C Class W202 |
1999-2000 |
2300 sm3 |
6000 — 8000 |
4500 — 6500 |
Hyundai Elantra |
2012-2014 |
1800 sm3 |
14500 — 17500 |
9500 — 12500 |
Kia Rio |
2012-2014 |
1400 sm3 |
10000 — 12000 |
7500 — 9500 |
Toyota Prado |
2008-2010 |
4000 sm3 |
28000 — 33000 |
25000 — 28000 |