Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanı əhatə edən müharibələr, qonşu dövlətlər arasındakı gərgin münasibətlər bizi çox çətin seçimə sürəkləyir:
“Bizim hakimiyyət balanslaşdırılmış siyasət elan edib. Amma, bəzən bu siyasəti yürütmək çətinləşir. Hər halda varlığımızı məhz onda görürük ki, heç bir istiqamətdən təhlükə görmürük. Amma, seçim zamanı da gəlir ki, sən kiminləsən və hansı istiqamətdəsən? Azərbaycanın qonşu dövlətlər olan Rusiya və İranla əlaqələri normal olmalı, inkişaf etdirməli problem yaşamamalıdır. Amma, əsas istiqamətlərdən biri də Qərbin siyasi və iqtisadi institutlarına inteqrasıya, o cümlədən də Türkiyə ilə əməkdaşlıqdır”.
Politoloqun fikrincə, ötən il Qarabağla bağlı ən ciddi hadisə Avropa İnsan Haqları Məhkəməsinin Ermənistana qarşı çıxardığı qərar idi:
“Avropa İnsan Haqları Məhkəməsinin böyük palatası Çıraqov və başqalarının Ermənistana qarşı şikayət ərizəsi ilə bağlı qərar çıxardı. Bu da çox önəmli qərar idi. Çünki, bu neçə illərdi bu şikayətə baxılırdı. Bu şikayət əsasında Laçından qovulan insanların geri qayıtmaq və mülkiyyətlərini geri almaq hüquqları tanındı. Düşünürəm ki, bu qətnamə Azərbaycan üçün BMT-nin dörd qatnaməsi qədər vacibdir. Düzdür, bu qatnamələr Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmir, amma, hər halda Azərbaycan üçün istinad nöqtəsi sayıla bilər”.
Elxan Şahinoğlunun münaqişənin həlli ilə bağlı 2016-cı ildən də heç bir gözləntisi yoxdur:
“Qarabağ münaqişəsinin həlli ilə bağlı bu ildən də ümidverici bir gedişat gözləmirəm. İlk növbədə Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsini qeyd etmək istəyirəm. Bu gərginlik Qarabağ münaqişəsinin həllinə ciddi bir əngəldir. Çünki, Rusiya Azərbaycana qonşu olan tərəfdaş olan ölkədir, Türkiyə isə strateji müttəfiqidir. Bu iki dövlətin maraqlarının kəsişməsi Qarabağ münaqişəsinin də həllinə böyük əngəl yaranır. İkinci bir tərəfdən dünyada baş verən son hadisələr, Suriyadakı müharibə, son zamanlar Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi də məsələnin həllinin uzanmasına təsir edən amillərdəndir”.
E.Şahinoğlu hesab edir ki, Rusiyanın ABŞ, o cümlədən Türkiyə ilə maraqları Suriya və Ukranya məsələsində kəsişirsə, bu dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində ortaq məxrəcə gələmk ehtimalını azaldır. Politoloqun fikrincə, Ermənistan böyük dövlətlər tərəfindən hər hansı formada ciddi təyziqlər hiss edərsə, münaqişənin həllində müəyyən addımlar ata bilər. Amma, belə bir tendensiya hələ ki, müşayət olunmur.