ABŞ-da müsəlmanlar əleyhinə sensasiyalı çıxışları ilə tanınan prezidentliyə namizəd respublikaçı Donald Trump (Donald Tramp) öz reklam filmində yenidən müsəlmanları hədəf alıb. Trump özünün təqdimat videosunda müsəlmanları terrorçu kimi göstərərək onların ölkəyə girişinin qadağan olunmasının vacib olduğunu bildirir.
Reklam filmində bir sıra maraqlı fikirlər də səsləndirilir. Arxa musiqi fonunda danışan şəxs Donald Trump-ın İŞİD-i məğlub edəcəyini, terrorçuların əlindən nefti alacağını, o cümlədən immiqrant axınını kəsmək üçün Meksika ilə sərhəddə divar çəkərək pulunu Meksika hökumətinə ödətdirəcəyini deyir.
Noyabr ayında Parisdə törədilən terror hücumundan sonra respublikaçı namizəd Trump İslam əleyhinə şüarlar səsləndirmişdi.
Bir çox analitiklər hesab edirlər ki, respublikaçı namizəd Donald Trump-ın seçkidə qalib gəlmə şansı azdır. Çünki onun rəqiblərindən olan Hillary Clinton amerikalılar arasında daha populyardır.