CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobilimizdə "apteçka", yoxsa aptek daşıyacağıq?

© Sputnik/ Мурад ОруджевМедицинская аптечка, tibbi yardım çantası
Медицинская аптечка, tibbi yardım çantası - Sputnik Azərbaycan
Abunə olmaq
Nəzərdə tutulan dərmanların çoxluğu sürücülərin narazılığına səbəb olub

BAKI, 5 yan — Sputnik. Avtomobillərdəki ilk tibbi yardım kitabçasında ("apteçka") nəzərdə tutulan dərmanların siyahısının açıqlanması ilə yeni narazılıqlar meydana çıxdı. Belə ki, sosial şəbəkədə aparılan müzakirələrdə sürücülər siyahının həddən artıq uzun olmasından və oradakı dərmanların çoxluğundan şikayətçidirlər. Sputnik əməkdaşı bu məsələ ilə bağlı sürücülər arasında sorğu keçirib. Respondentlərin rəylərini təqdim edirik:

Edqar Hanifayev — IT texnik: "Mən bunu camaata paylanmış hərbi zirehli texnika kimi qəbul edirəm. Hamı bilir nədir, amma istifadə edə bilmir. Sadəcə bəzi dırnaqarası məmurların kiçik, amma çox gəlirli bir ideyasıdır. Hər il fikir versəniz, yeni bir şeylər tətbiq olunur — Pərdə, siqnal, yanğınsöndürən, "apteçka" və s. Onlar satıldıqdan sonra ləğv olunur və ya yaddan çıxır. Qazanan qazanır, itirən itirir. Əgər bir maşında yanğınsöndürən, "apteçka" və s. kimi ləvazimatlar varsa, o zaman bu millət FHN və təcili tibbi yardım kimi qurumları neyləyir?!".

Mail Yaqub — Xəzər Univesitetinin müəllimi: "Mən bu qanununun tam detallarını bilmirəm, yəni "apteçka"da hansı dərman və ləvazimatlar tələb olunur, bundan xəbərsizəm. Ümumi olaraq maşında "apteçka"nın olması yaxşı haldır, amma məhz bu qanuna əsaslanıb vətəndaşlara əsassız cərimələr yazmağın əleyhinəyəm. Əgər belə bir qanun qəbul olunubsa, bir müddət sürücülərə zaman verilməlidir ki, hamı bundan xəbər tutsun".

Ayşən Qurbanova — Xanım sürücü: "Mənim fikrimcə, bu, düzgün deyil, çünki qəzaya uğramış insan nə vəziyyətə düşür, Allah bilir… Məsələn, huşunu itirmiş ola bilər. O vəziyyətdə gedib kimdir "apteçka"nı açan?! Ətrafındakı insanların da hamısının tibbi təhsili ola bilməz ki. Tibbi təhsili olmayan insan nə bilir ki, necə ilk tibbi yardım göstərmək lazımdır".

Həsən Həsənov — Mühasib: "Mən də o kütlə axını ilə "apteçka" və tələb olunan başqa avadanlıqları aldım, təbii ki əvvəlkindən baha qiymətə. O dərmanların hamısının "apteçka" içində olması mümkünsüzdür. Əlbəttə, maşınlarımızda ilkin tibbi yardım üçün nələrinsə olması yaxşıdır. Amma tələb olunan təcili yardım qutusu stansiyası səviyyəsindədir. Zatən biz onun içində tələb olunanları istifadə edə bilməyəcəyik. Minmişik əlamətə, gedirik qiyəmətə".

Ramil Əsgərov — Taksi sürücüsü: "Qanun hamı üçün qanundur və "apteçka"nın olması əla fikirdir. Çünki yollarda elə forsmajor vəziyyət yaranır ki, dərmana ehtiyac olur. Elementar bir dərman həyat xilas edə bilər. Ona görə qərarı dəstəkliyirəm, amma kimlərinsə biznes maraqlarına xidmət etməməlidir".

Nicat Əlibəyli — Sığorta mütəxəsisi: "Mən ümumiyyətlə qayda-qanun tərəfdarıyam. Tələb olunan nədirsə, çalışıram maksimum əməl edim. "Apteçka" məsələsinə gəlincə isə, bir az dərin düşünsək, istənilən halda qarşımıza qoyulan tələb bizim ziyanımıza deyil… Hər kəs ilk öncə öz-özünə həkim olmalı və ilkin tibbi yardımı göstərə bilməlidir".

Akif Bağırov — Həkim: "Qanunla "apteçka"nın olub-olmaması, avtomobil texniki baxışdan keçən zaman soruşulmalıdır. Həmin istifadə qaydası sürücülük kursunda öyrədilməlidir. Hətta türk sürücülər bizim həkimlərin çoxundan yaxşı bilir bu qaydaları".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, yol polisinin məqsədi cərimə yazmaq deyil: "Biz istəyirik ki, bu qanunlara əməl olunsun. Yol polisi gündəlik reydlər zamanı bu məsələyə diqqət edir. Əgər kimsə boş qutu alır qoyursa və yaxud dərmanların vaxtı bitibsə, bu zaman sürücü özünü aldadır. Bundan əlavə sürücülər həmin vasitələrdən istifadə qaydalarını da bilməlidirlər. Bu qaydaları bilən kifayət qədər sürücü var. Bunu inzibati xəta kimi qələmə vermək lazım deyil. Bu qaydaları hər kəs bilməlidir və buna əməl etməlidir. Ajiotaj formasında yazırlar ki, yol polisi sürücüləri cərimələməyə başlayacaq. Onsuzda hər bir yol polisi xidmət göstərdiyi ərazilərdə bu məsələyə diqqət edir. Biz bilirik ki, əksər maşınlarda bu vasitələr yoxdur. Bunun olmasını, həmin vasitələrdən istifadə olunmasına üstünlük verilməsini təbliğ etmək istəyirik".

Xəbər lenti
0