Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Bəzən incəsənətdə "mollalıq" etmək istəyirlər"

© Sputnik/ Мурад ОруджевДиректор бакинского Театра Пантомимы
Директор бакинского Театра Пантомимы - Sputnik Azərbaycan
Abunə olmaq
Elman Rəfiyev: "Səs Azərbaycan" layihəsinin tutmamasının səbəbi münsiflərin qeyri-səmimi olmasıdır.

BAKI, 3 yan-Sputnik. Azərbaycan mədəniyyətinin və incəsənətinin bu günkü durumu, yola saldığımız 2015-ci ildə nailiyyət və nöqsanlarımız… bu və digər məsələlərə Dövlət Pantomima teatrının aktyoru və direktoru Elman Rəfiyev aydınlıq gətirib. Onun Sputnik-ı müsahibəsini təqdim edirik.

- Elman müəllim, müasir Azərbaycan incəsənətinin səviyyəsindən razısınızmı?

— İndiki dövrdə insanların yaralı yeridir müasir incəsənət. Bu sualla tez-tez rastlaşıram və həmişə belə cavab verirəm: 10-15 il öncə mənə bu sualı versəydilər, deyərdim yox, razı deyiləm. Çünki, o vaxt biz çox zəif addımlarla irəliləyirdik. Amma son illərdə müasir incəsənətdə sıçrayış var. Bunu deməyə bilmərəm. Hər kəs işlədiyi incəsənət sahəsində yenilik etməyə çalışır. Keçirilən sərgilər, yarışmalar buna bariz nümunədir. Biz 21-ci əsrdə yaşayırıq. Artıq insanları adi hallarla heyrətləndirmək olmur. Ona görə incəsənətə gələn insanlar yaddaşlarda qalmaq üçün yenilik etməyə can atırlar. Mən həmişə deyirəm və həmişə deyəcəm, mən incəsənətə hamıdan seçilmək üçün gəlmişəm. Elə mənim kimi çoxları da məhz seçilmək istədikləri üçün incəsənəti seçirlər. Bir sözlə, müasir incəsənətin belə inkişafı məni qane edir. Amma bəzən incəsənətdə "mollalıq" etmək istəyirlər. Yəni yenilik etmək istərkən çox "abardırlar" və bu zaman süni alınır, insanlar da aldadıldıqlarını hiss edib bunu qəbul etmirlər.

Bir məsələyə də toxunmaq istəyirəm. İnsanların çoxu da incəsənətə laqeyd yanaşır. Onlara göstərilən tamaşa, sərgilənən rəsm və ya konsertdə oxunacaq mahnı maraqlı deyil. Çox tamaşaçı özünü  reklam etmək üçün gəlir. Məhz "Facebook"da özünü filan yerdə olduğunu qeyd edərək ətrafına mədəni insan olduğunu sübüt etmək üçün gəlir. Gəlir özünü "tag" edir, bir-iki şəkil çəkdirib sonra telefonla "oynayır" və gedir. Bu zaman əziyyət çəkən insanlar laqeydliyin şahidi olur və həvəsdən düşürlər. 

- Əgər müasir incəsənətin inkişafından razısınızsa, o zaman deyə bilərsinizmi ki, niyə "Səs Azərbaycan" layihəsi Azərbaycan tamaşaçısı tərəfindən elə də maraqla qarşılanmır?

— Baxmayaraq ki, bütün münsiflər mənim dostumdur, amma həqiqəti deməliyəm. Bu layihənin tutmamasının səbəbi münsiflərin qeyri-səmimi olmasıdır. Çünki onlar özləri kimi olmaq əvəzinə, Türkiyə, Ukrayna, Rusiyada gördükləri münsifləri təkrarlamağa çalışırlar. Özüm də Türkiyə və Rusiyanın "O səs"inə baxıram, çünki səmimidirlər, amma bizim layihəyə baxa bilmirəm. Küsməsinlər məndən, amma alınmadı.

- Digər tərəfdən, mədəni inkişafımız yüksək səviyyədədirsə, o zaman niyə ölkənin ən istedadlı gəncləri xarici layihələrə qatılıb orada özlərini sınayırlar?

— Mən bu suala belə cavab verə bilərəm: Bizim gənclər Türkiyənin, Ukraynanın, Rusiyanın layihələrindəki səmimiyyəti və baxımlılığı görüb ora qaçırlar. Amma bizdə bu layihə təzədir. Gəlin onu əzməyək, əksinə dəstəkləyək. İllər öncə "Yeni ulduz" layihəsi Azərbaycanda başlayanda əvvəldə bəyənmirdik, hətta qəbul etmirdik layihəni. "Bu nədir?" deyirdik. Amma illər keçdikcə daha da yaxşı işlər ortaya qoyuldu və təxminən 2004-2012-ci illərdə çox güclü gənc müğənnilər məhz "Yeni ulduz" layihəsindən parladı və səhnəyə gəldi. Bu da o zamanın uğurudur.

Baxın, ilk əvvəllər "O səs Türkiyə" də yeni başlayanda mən ona gülurdüm. Hətta stullar belə, özü dönmürdü, münsiflər özləri çevrilirdilər. Amma illər keçdi, indi ən baxılan layihələrdəndir. Məndən soruşanda ki, "çəkilən seriallardan razısınız?", mən deyirəm ki, bu bizim üçün yenidir və bu sahəyə mən uşaq kimi baxıram. Seriallarımızın mükəmməl olması üçün onun başından vurmamalıyıq, əksinə dəstəkləməliyik. Eləcə də "Səs Azərbaycan"ı.

Məsələnin digər tərəfi də var. İndiki gənclər bir an icində məşhurlaşmaq istəyirlər. Bir gün oğlum mənə dedi ki, "Ata, mən məşhur olmaq istəyirəm. İstəyirəm bütün şəkillərim şəhərin küçələrində vurulsun".  Birdən-birə məşhur olmaq istəyir. Amma mən məşhur olmaq üçün uzun illərimi sərf etdim. Doğrudur, mənim də arzum idi şəhərdə şəkillərim vurulsun, amma bunun üçün əziyyət çəkdim və sonunda məqsədimə çatdım. Bir məşhur şirkətin bir müddət siması oldum və şəkillərim şəhərin küçələrini bəzədi.

Bunu da qeyd edim ki, mən istəməzdim gənclərimiz xaricə getsinlər. Əksinə, ölkədə qalıb, yerli layihələrdə iştirak etsinlər. Gəlin, öz övladlarımızın yeriməsi üçün əlindən tutaq, dəstək olaq. Qoy orada oturanlar da bu haqda düşünsünlər.

— 2015-ci ildə Azərbaycan mədəniyyəti nə ilə yadda qaldı?

© Sputnik/ Мурад ОруджевЭльман Рафиев, заслуженный артист, директор Театра Пантомимы
Эльман Рафиев, заслуженный артист, директор Театра Пантомимы - Sputnik Azərbaycan
Эльман Рафиев, заслуженный артист, директор Театра Пантомимы

— Bu, mənim yaralı yerimdir. İdmana verilən diqqətin 30 faizi mədəniyyətə verilsəydi, çox sevinərdim. Çünki bu dəqiqə valideynlər uşaqlarını nə teatra, nə rəqsə qoymur, idmana qoyurlar. Çünki, idmançı çaldığı qələbə ilə böyük pullar qazanır və ona görə hamı idmana maraqlıdır. Bütün rayonlarda uşaqlar idmana axışır. Mədəniyyətə uşaqlar az maraq göstərir.

Amma bunu da deməliyəm ki, Heydər Əliyevin dövründə mədəniyyətimizdə oyanış oldu. Ümummilli liderimiz bütün tamaşalara baxırdı. Hər tamaşa haqqında xəbərdar idi. Prezidentimiz İlham Əliyev də böyük bir uğura imza atdı. Kinonun batdığı dönəmdə serialların çəkilməsi üçün böyük məbləğdə pul ayırdı. Bu, böyük hadisədir. Teatrlarımız bərbad halda idi. Demək olar, bütün teatrlar yüksək səviyyədə təmir olundu. Bu özü mədəniyyətin inkişafına böyük təkandır.

Azərbaycan mədəniyyəti Birinci Avropa oyunlarında bir daha sübüt etdi ki, o daha qədimdir və güclüdür. Bu böyük bir hadisədir Azərbaycan üçün. Mədəniyyətimiz olmasaydı, açılış necə möhtəşəm olacaqdı? Məhz rəqqaslarımız, müğənnilərimiz, hətta könüllü gənclərimizin köməyi ilə yaradılan səhnələr vasitəsilə biz mədəniyyətimizi dünyaya bir daha nümayiş etdirdik. Bu ilin ən uğurlu hadisəsidir.

Bir yeniliyi də qeyd etmək istəyirəm. Bu ildən etibarən Azərbaycana müxtəlif ölkələrdən teatr rejissorları dəvət olunur. Onlar gələrək burada bir müddət işləyib öz tamaşalarını səhnəyə qoyurlar. Bu da öz növbəsində uğurlu yenilikdir. Müxtəlif düşüncə sahiblərinin ölkə teatrına cəlbi yerli teatrın da inkişafına gələcəkdə birbaşa təsir göstərəcək.

- Meymun ən çevik və çoxbilmiş heyvan kimi tanınır. Bu "Meymun ili"ndə mədəniyyətimizdən hansı gözləntiləriniz var?

— Bu ildə insanların bütün bacarıqları üzə çıxacaq. İstədik-istəmədik, meymun ilinin bicliyi, çevikliyi bizə təsir edəcək.  İnanıram ki, mədəniyyətə də təsirləri uğurlu olacaq. Mənim qızım da, kürəkənim də meymun ilindəndir. Heç yerdə demədiyim bir xəbəri də sizlə bölüşmək istəyirəm: Meymun ilində nəvəm dünyaya gələcək.  Bir sözlə, bu ildən çox şey gözləyirəm: Yeni layihələr, uğurlu tamaşalar, fərqli işlər… Hətta Qarabağın işğaldan azad olunacağını gözləyirəm. Mən heç vaxt ümidimi üzmürəm və buna inanıram. 

Xəbər lenti
0