Bakı, 3 yan — Sputnik. Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.
Sputnik-in RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, İran polisi etirazçıları səfirliyin ərazisindən çıxara bilib. Lakin bir çox etirazçı hələ də binanın qarşısında etiraz aksiyasını davam etdirir.
Məlumata əsasən, binaya daxil olan etirazçılar səfirliyin otaqlarını yandırmağa çalışıblar, lakin polis bu cəhdlərin qarşısını alaraq, onları binadan kənarlaşdırıb.
Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğuna da iranlı etirazçılar hücum ediblər. Etirazçılar burada da binaya od vurmağa cəhd ediblər, nəticədə bir neçə otağın yandığı bildirilir.
Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb.
Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.