CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çörəyin keyfiyyəti və gigiyenik vəziyyəti azalan çəkiyə adekvatdırmı?

Abunə olmaq
İmran Abdullayev: Çörəyin qablaşdırılması məcburi deyil.

BAKI, 30 dek — Sputnik. Manatın ucuzlaşmasından sonra Bakıda çörəyin qiymət və çəkisində dəyişiklik varmı? Əgər varsa, bu çörəyin keyfiyyətinə və gigiyenik normalarına sirayət etməyib ki? 

Bu məsələ ilə əlaqədar Sputnik-in əməkdaşı mağazalarda monitorinq aparıb. Məlum olub ki, bütün dükanlarda satılan çörəyin qiymətində dəyişiklik nəzərə çarpmasa da, onun çəkisində ciddi azalma müşahidə olunur. Çörəyin keyfiyyəti və onun satışının gigiyenik normalara uyğunluğu isə, deyəsən heç kəsi maraqlandırmır.

Marketlərdəki çörəyin qiyməti unun keyfiyyətindən, tərkibindən, qablaşdırmadan, çəkidən asılı olaraq dəyişir. Məsələn, zavod çörəyi 30-40 qəpik, "kərpic çörək" 40-80 qəpik, pəhriz çörəyi 40 qəpik — 1 manat, təndir çörəyi 50-80 qəpik, tam çovdar çörəyi 60-80 qəpiyə satılır.
Alıcılarla söhbət zamanı deyirdilər ki, çörəyin çəkisini azaldıblar, amma qiymətlər sabit qalıb. Bir alıcı söyləyirdi ki, əvvəllər evə 30 qəpiklik bir çörək alırdım. Bu, ailəmizə bəs edirdi. İndi çörəyin çəkisi azaldılıb. Məcburən iki çörək almalı oluram.

Ekspertlərin fikrincə, əgər unun qiyməti qalxıbsa, əlbəttə o çörəyin qiymətinə də təsir etməlidir. Ola bilsin ki, çörəyin çəkisini azaltmaqla bunu kompensasiya etməyə çalışacaqlar.
Dekabrın 25-də İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, manatın kursunda baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır.

Süni qiymət artımı və mal-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.
Müşahidələr onu da göstərir ki, marketlərdə paketlənməmiş, açıq şəkildə satılan çörəklər üstünlük təşkil edir.

Bu da antisanitariya, gigiyenik qaydaların pozulmasına gətirib çıxarır. Çörəyin gigiyenası hər birimizi düşündürür və çörəyin paketlənməsinin vacibliyini önə çəkir.
Alıcılar çörəyin kağız paketlərdə olmamasının antisanitariya vəziyyəti yaratdığını deyirlər. Mağazalarda isə satıcılar bildirirlər ki, zavodlardan çörəyi paketlənməmiş formada gətirirlər və onlar da açıq satmağa məcbur olurlar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik-ə deyib ki, istehlakçıların çörəyə tələbatı var. Azərbaycanda istehlakçılar isti çörək yemək istəyir. İsti çörəyi də paketləmək mümkün deyil. Bu səbəbdən də, çörəklər paketlənmir və qanun çörəyin paketsiz satılmasını qadağan etmir.
Ekspert əlavə edib ki, çörəyin çəkisinin azaldılması ilə bağlı problem var. Qiyməti sabit saxlamaq üçün belə problem gözləniləndir.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib ki, çörəyin qablaşdırılması məcburi xarakter daşımır: "Əgər bu məsələ ilə bağlı yeni standart hazırlanarsa, onda bu məsələyə qayıda bilərik. Eyni zamanda çörəyin istehsalı, daşınması, qablaşdırılması, satışı və digər məsələlər gigiyena qaydalarında da gərək öz əksini tapmış olsun. Məsələn, Türkiyədə yeni tələblər qoyulur ki, çörək qablaşdırılırsın".

İmran Abdullayev bildirib ki, çörək tam soyuduqdan sonra qablaşdırılmalıdır. "Qablaşdırma prosesi pozulursa, çörəyin tərkibində müəyyən dəyişiklik olacaq. Yəni, o, nəmlənə bilər, xəmir halına düşə bilər və s. Bu baxımdan, qablaşdırmada mümkün qədər kağız paketlərdən istifadə olunsa, daha yaxşıdır. Sellofan paketlərdən də istifadə olunur, amma gərək çörək tam soyusun" — deyən şöbə müdiri hesab edir ki, gigiyenik baxımdan çörəyin qablaşdırılması daha düzgündür.

2012-ci ildə təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə Azərbaycan Standartları İnstitutu nəzdində «Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə» Texniki Komitə (TK 15) yaradılıb. Əmrə əsasən, TK-nın əsasnaməsi, strukturu və tərkibi təsdiq edilib. Texniki Komitədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur.

Xəbər lenti
0