BAKI, 29 dek-Sputnik. İranın ali dini lideri Əli Xamenei deyib ki, müsəlman dövlətləri vahid İslam sivilizasiyası yaratmalıdır.
Sputnik-in məlumatına görə, Xamenei bu barədə İslam birliyinin Tehranda keçirilən 29-cu beynəlxalq konfransındakı çıxışında deyib.
Bu dəfə də Xameneinin əsas hədəfi ABŞ olub: "İslam dininə olan dərin ədavəti ABŞ məmurlarını İslamın müxtəlif təriqətləri arasında nifaq yaratmağa sövq edir. ABŞ məhz bu məqsədlə İŞİD kimi terror qruplaşmasını yaradıb. Bu qruplaşma ABŞ-ın bölgədəki müttəfiqlərinin maliyyə və siyasi dəstəyi sayəsində fəaliyyət göstərir. İslamın müxtəlif təriqətləri arasında yaradılmış nifaq və münaqişə Suriya, Yəmən və Liviya kimi müsəlman dövlətlərinin infrastrukturunun məhv edilməsi ilə nəticələnib."
İranın ali dini lideri müsəlmanları müstəqil müsəlman dövlətlərinə müdaxilələrin, insan hüquqlarının pozulması hallarının, qərb mədəniyyətinin digər xalqlara aşılanmasının qarşısını ala biləcək vahid müasir İslam sivilizasiyasının yaradılması istiqamətində birgə səy göstərməyə çağırıb.