BAKI, 29 dek – Sputnik. Bu il ərzində inzibati nəzarət qaydasında yoxlanılmış bələdiyyə aktlarının sayı 59.000-ə çatıb. Onlardan 2.000-dən çox akt Ədliyyə Nazirliyinin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib.
Sputnik-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Məlumata görə, kollegiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hazırlanmış illik məruzəyə də baxılıb. Pozuntulara yol vermiş 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib. Eyni zamanda, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1.405 hektar torpaq sahəsi geri qaytarılıb.
İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin gücləndirilməsinin, mövcud nöqsan və çatışmazlıqların səbəblərinin təhlil olunub aradan qaldırılmasının, metodiki yardımın keyfiyyətinin artırılmasının zəruriliyi vurğulanıb, Milli Məclisə təqdim olunacaq illik məruzənin təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verilib.
İclasda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə şikayətlərə diqqətlə yanaşılması və onların çevik həlli, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi, səyyar və virtual qəbulların daha geniş təşkili və s. konkret tədbirlər müəyyən olunub