BAKI, 29 dek – Sputnik. ABŞ yenə Səudiyyə Ərəbistanı ilə sövdələşməyə gedərək neft qiymətlərini kəskin aşağı salır. Vaşinqtonun məqsədi bu üsulla Rusiyanı zəiflətməkdir. Politoloq Elxan Şahinoğlu bu fikirdədir.
Sputnik-ə açıqlama verən Şahinoğlu, hazırki vəziyyətin sovet illərini xatırlatdığını deyib:
“Neft qiymətlərindəki bu kəskin düşüş bir növ keçmiş sovet illərini xatırladır. 80-ci illərin ortalarında ABŞ Səudiyyə Ərəbistanı ilə sövdələşməyə gedərək neftin qiymətlərini aşağı saldı ki, SSRİ zəifləsin. Hətta neftin qiyməti 10 dollara qədər düşmüşdü. Bu SSRİ-yə çox pis təsir etdi və nəticədə İttifaq çökdü. İndi eyni üsuldan yenə istifadə olunur. Ukrayna və Suriya məsələsindəki mövqeyinə görə Rusiya sıxışdırılır. ABŞ yenə Səudiyyə Ərəbistanı ilə sövdələşməyə gedərək neftin qiymətlərini kəskin aşağı salır. Vaşinqtonun məqsədi bu üsulla Rusiyanı zəiflətməkdir. Çünki bu üsul vaxtilə sınanmış və nəticəsi uğurlu olmuşdu”.
Politoloqun fikrincə, Rusiyanın beynəlxalq aləmdə sıxışdırılması digər neft istehsal edən ölkələrə də mənfi təsir edir:
“Rusiyaya qarşı sanksiyalar, bu fonda neftin qiymətlərinin aşağı düşməsi Azərbaycana da pis təsir edir. Prezident özü də artıq etiraf edir ki, məlum hadisələrə görə Azərbaycan da əziyyət çəkir. Neftdəki ucuzlaşma ölkəmizə ikiqat təsir edir. Çünki Azərbaycanın neft hasilatı da azalır. On il öncədən proqnoz verilmişdi ki, 2015-dən etibarən neft azalmağa başlayacaq. Ona görə də, birinci devalvasiyadan sonra hökumət gərək ciddi iqtisadi islahatlar həyata keçirərdi. İndinin özündə də dövlət başçısı qeyd edir ki, iqtisadiyyatı şaxələndirmək lazımdır. Bunun üçün monopoliyalar ortadan qalxmalıdır, korrupsiya ilə ciddi mübarizə aparılmalıdır. Azərbaycan cəmiyyəti də gözləyir ki, monopoliya, rüşvət aradan qaldırılsın və insanlar azad sahibkarlıqla rahat məşğul ola bilsinlər. Əgər bu istiqamətdə dövlət ciddi işlər görə bilsə, istənilən sahibkar istədiyi malı ölkəyə gətirə bilsə, ölkədən çıxara bilsə iqtisadiyyatımız xeyli şaxələnə bilər və neftdən asılılığımız azalar.
Dövlət bu addımları atsa, neft qiymətlərindəki dəyişikliklər iqtisadiyyatımıza o qədər də təsir etməz. Misal üçün, Norveç Azərbaycandan da çox neftə sahibdir, ancaq neftin ucuzlaşması onların iqtisadiyyatına təsir etmir. Çünki Norveç öz iqtisadiyyatını şaxələndirib. Təkcə balıq məhsullarından ildə 30 milyard dollar gəlir əldə edir. Azərbaycanın da imkanları var ki, kənd təsərrüfatını, turizmi inkişaf etdirsin. Əks halda 2016-cı il bizim üçün çox ağır keçəcək”.