BAKI, 29 dek — Sputnik. Son vaxtlar Türkiyənin cənub-şərqində, əsasən kürdlərin yaşadığı bölgələrdə artmaqda olan müstəqillik meylləri ölkə gündəminin əsas müzakirəsinə çevrilib.
Türk ordusunun Diyarbəkir vilayətində PKK-ya qarşı ağır zərbələr endirməsi, terrorçuların ciddi itkilər verməsi təşkilatın siyasi qanadını hərəkətə keçirib.
Kürd HDP partiyasının lideri Səlahəddin Dəmirtaşın son vaxtlar tez-tez müstəqillik və muxtariyyət çıxışları etməsi Ankaranı hərəkətə keçirib. Ölkənin baş prokurorluğu Dəmirtaş haqqında istintaq başladıldığını bildirərək, onun barəsində dövlətin maraqlarını xaricə satmaq, Rusiyaya agentlik etmək və bu kimi maddələrlə cinayət işi açıldığını qeyd edib.
Türkiyə Böyük Millət məclisində təmsil olunan HDP siyasi partiyasının rəhbəri Səlahəddin Dəmirtaş Rusiyada Sergey Lavrovla görüşündən sonra Ankaranın qəzəbinə tuş gəlmişdi. Xüsusilə də onun muxtariyyət və müstəqillik barədə son söylədikləri türk siyasi elitasını ciddi addımlar atmağa vadar edib.
Mövzunu Sputnik üçün şərh edən politoloq Qabil Hüseynli, Türkiyə ərazisində başqa bir dövlət qurma cəhdlərinin qeyri-mümkün olduğunu, buna cəhd edənlərin aqibətinin yaxşı olmayacağını deyib:
"Sergey Lavrovun, Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə radikal kürd silahlıların Türkiyədə muxtariyyət elan etməsi onun özünün ifşasına və iflasına gətirib çıxaracaq. Türkiyə dövləti hələ ki lazımi siyasi iradəni ortaya qoymayıb. Hələ ki, proseslər HDP partiyası içərisində gedir. Muxtariyyət arzulayan bu partiyanın yaxın vaxtlarda bir neçə partiyaya ayrılacağı gözlənilir. Parçalanma olandan sonra HDP rəhbəri Səlahəddin Dəmirtaş barəsində ciddi işlər görüləcəyini düşünürəm. Çünki bu şəxsin son açıqlamaları separatçı xarakter daşıyır. İlk öncə onun deputat toxunulmazlığı aradan qaldırılacaq, sonra da həbs ediləcək".
Qabil Hüseynli, Dəmirtaşın Azərbaycana mənfi münasibət bəslədiyini yada salıb:
"Bundan əvvəl Səlahəddin Dəmirtaş kürd xalqı adından Ermənistandan üzr istəmiş və uydurma erməni soyqırımını tanıdığını da açıqlamışdı. Yəni bu adam birbaşa dövlətin maraqlarını heçə sayır. Öz mənfur düşüncələrini bütün Türkiyə adına, bütün kürd xalqı adına dilə gətirir. Dəmirtaş Azərbaycanla bağlı da xoşagəlməz ifadələr işlətmişdi. O bir millət iki dövlət şüarının uydurma olduğunu və bu şüarı ortaya atanların dövləti istəmədiyini söyləmişdi. HDP rəhbəri Türkiyə ilə Ermənistan arasında sərhədlərin açıq tutulmasının vacib olduğunu deyərək, Qarabağın Azərbaycanın problemi olduğunu və Türkiyəyə dəxli olmadığını bildirmişdi".
Politoloq sonda əlavə edib ki, bu adam PKK-nın terror fəaliyyətlərinə haqq qazandıran bir adamdır və ümid edirəm ki, Türkiyə rəhbərliyi onun barəsində lazım olan işləri görəcək.