BAKI, 29 dek — Sputnik. Azərbaycan dövlət sərhədinin pozulması cəhdlərinin qarşısı alınıb. Bu barədə Sputnik Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən bildirir.
Məlumata əsasən, dekabrın 19-da Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən 7 nəfər Banqladeş Xalq Respublikası vətəndaşları saxlanılıb. Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Dövlət Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi vətəndaşların dövlət sərhədindən qeyri-qanuni yolla keçirilməsini təşkil edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Dekabrın 26-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə Azərbaycan Respublikası vətəndaşı, Ağcabədi şəhər sakini Məmmədov Şükür Eyvaz oğlunun vasitəçiliyi ilə Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədindən qeyri-qanuni yolla İran İslam Respublikasına keçməyə cəhd göstərən Banqladeş Şoman Barman Çandra, Devan Muhammad Saladdin və onlara bələdçilik edən İran vətəndaşları Muradi Möhsün Əhməd oğlu, Muradi Nadir Kiomirzə oğlu saxlanılıb.
Hadisə yerində sərhəd pozucularına məxsus «Maqneum» markalı tüfəng, 26 ədəd patron, rezin qayıq və durbin aşkarlanıb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.