"Sputnik"in əməkdaşı paytaxtın müxtəlif yerlərində bayram yarmarkalarını xatırladan satış mərkəzlərinə baş çəkib.
Metronun "İnşaatçılar" stansiyası ətrafında yalnız yerli istehsal olan küknar ağacları satılır ki, onların da qiyməti 20 manatdan başlayır, xaricdən gətirilənlər isə 50 manatdan təklif olunur. Amma satıcılar deyir ki, qiyməti baha olan xarici küknar ağaclarını alan azdı, demək olar ki, yox dərəcəsindədir. Bayram ağacının bəzək əşyaları isə bu qiymətlərə təklif olunur: 6 ədəd xırda oyuncaq 5 manat 50 qəpik, nisbətən böyükləri 8 manat, asılmaq üçün lazım olan mini-şam ağacı fiqurları 7 manat, oyuncaq meymunlar ölçüsündən asılı olaraq 5-10 manat, zərlər isə 1 manat 50 qəpik və 3 manat arasında dəyişir.
Şəhərin Hüseyn Cavid prospektində yerləşən "Ağ çiçəyim" gül salonun satıcısının sözlərinə görə, Yeni İldə küknar ağacı bəzəmək ənənəsi Azərbaycanda da geniş yayılıb əvvəllər bayram aksessuarlarına maraq olsa da, devalvasiyadan sonra münasibət dəyişilib: "Qiymətlər də ucuzdur. Satılan şarlar 10-50 qəpik, süni küknar ağacları ölçüsündən asılı olaraq 50-850 manat, ağacı bəzəmək üçün lazım olan aksessuar 6-50 manat, Şaxta baba 5-250 manat, Şaxta babanın paltarları 15-320 manat, müxtəlif növlü maskalar isə 5-10 manat arasında satışa çıxarılıb".
Söhbətləşdiyimiz satıcının sözlərinə görə, bu il satış çox zəifdir: "Çeşid bolluğudur. Ancaq "yolkalar" xaricdən gəldiyindən qiymətlərdə artım var".
Növbəti üz tutduğumuz məkan şəhərin mərkəzi olur. Hər il olduğu kimi Nizami küçəsində də piştaxtalar quraşdırılaraq bayrama aid müxtəlif aksessuarlar satırlar. Eyni zamanda buradakı bir neçə mağazaya baş çəkib qiymətlərlə də maraqlandıq. Satıcılar deyir ki, keçən illə müqayisədə bu il alver nisbətən sönükdür, baxmayaraq ki, qiymətlər dəyişməyib.
Satıcılar bildirdilər ki, gün ərzində cəmi 4-5 alıcımız olur ki, onların da çoxu qiymətlərlə maraqlanmaqla kifayətlənir.