BAKI, 28 dek — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sputnik-in məhkəmə zalında olan əməkdaşının verdiyi xəbərə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə olan prosesdə hökm oxunub. Hökmə əsasən, Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olacaq. Hökm çıxarılarkən Mirqədirova Cinayət Məcəlləsinin 62-ci maddəsi (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq olunub.
Mirqədirovun vəkili Fuad Ağayevin Sputnik-ə verdiyi məlumata görə, qərarın yazılı mətni əldə edildikdən sonra hökmdən apellyasiya şikayəti veriləcək. Ağayev apellyasiya şikayətində Mirqədirova tam bəraət verilməsini tələb edəcəklərini bildirib.
Rauf Mirqədirov 19 aprel 2014-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.
Mirqədirov saxlanılarkən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonra bu həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılıb.