CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Süni qiymət artımı tüğyan edir

© Sputnik / Murad OrujovMarketin piştaxtaları
Marketin piştaxtaları - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıdakı işbazlar deyəsən prezidentin və hökumətin bəyanatlarına məhəl qoymurlar.

BAKI, 28 dek — Sputnik. Dekabrın 21-də manatın dollar qarşısında dəyərsizləşməsi ölkədə ərzaq məhsullarının qiymətlərinə təsir edib. 

Bununla bağlı dekabrın 28-də Sputnik-in əməkdaşı mağazalarda müşahidələr aparıb.

Abşeron rayonundakı böyük marketdə yumurtanın 10 ədədi 2 manata (dekabrın 21-dən əvvəl 1 manat 20 qəpiyə), 0.910 kiloqramlıq “Super Sun” yağı 4 manat 36 qəpiyə (əvvəl 3 manat 60 qəpiyə), düyü 2 manat 40 qəpiyə (əvvəl 1 manat 80 qəpiyə), şəkər tozu 1 manat 5 qəpiyə (əvvəl 80 qəpiyə), soğan 70 qəpiyə (əvvəl 50 qəpiyə), kartof 80 qəpik – 1 manata (əvvəl 60-70 qəpiyə) satılırdı. Digər marketlərdə 250 qramlıq "Azerçay" 3 manat 90 qəpiyə (əvvəl 3 manat – 3 manat 20 qəpiyə), 7 dəstə tərəvəz 1 manata (əvvəl 10 dəstə 1 manata),  mandalin 1 manat 50 qəpiyə (əvvəl 1 manata) satılırdı.

Yasamalda böyük marketdə soğan 99 qəpiyə, kartof 98 qəpiyə, 0.910 kiloqramlıq “Super Sun” yağı 4 manat 16 qəpiyə, düyü 2 manat 60 qəpik – 2 manat 94 qəpiyə, 250 qramlıq "Azerçay" 3 manat 50 qəpiyə, digər yerlərdə kənd yumurtası 30 qəpiyə, mal əti 6 – 7,50 manata, qoyun əti 9-10 manata satılırdı. Yasamalda topdansatış mərkəzlərində alıcılar çoxluq təşkil edirdi. Alıcılarla söhbətdə bəziləri deyirdilər ki, bayrama hazırlıq üçün məhsul alırlar. Bəzi alıcılar isə, qiymətlərin yenidən qalxmaq ehtimalı olduğu üçün indidən evlərinə bazarlıq etdiklərini söyləyirdilər. Alıcılar deyirdilər ki, topdansatış mərkəzlərində ərzaq məhsullarının qiymətləri digər marketlərdən ucuzdur. Mağazalarda süni qiymət artımı var. 

Səbail rayonunda da qiymət artımı müşahidə olunurdu. Belə ki, marketlərdə broyler yumurta 20 qəpiyə, kənd yumurtası 30 qəpiyə, soğan 70 qəpiyə, kartof 80 qəpik — 1 manat 20 qəpiyə, 0.910 kiloqramlıq “Super Sun” yağı 4 manat 50 qəpiyə satılırdı. Satıcılar özləri deyirdilər ki, qiymətlər qalxıb, müştərilər azalıb.

Xətai rayonu, N.Tusi küçəsində yerləşən “Home market”də satıcılar müdriyyətin qiymətləri digər marketlərə nisbətən cüzi qaldırdığını bildirib. Halbuki bu mağazada da bəzi məhsulların qiymət artımı ciddi surətdə nəzərə çarpır. Məsələn, əvvəllər 1 manat 30 qəpiyə satılan 200 qramlıq “Romaşka” xamalara indi 1 manat 80 qəpiyə, kilosu 45 qəpiyə satılan “Mehriban” unu 60 qəpiyə, 90 qəpiyə satılan “Sun” (300 ədəd) salfetləri 1manat 35 qəpiyə, 1 manata satılan 200 qramlıq “Final” tomatları 1 manat 50 qəpiyə və s. satılır. 20 qəpiklik kekslərin isə əksəriyyətinin qiymətində 100%-li artım müşahidə olunur. Uşaqların sevimli kekslərinin əksəriyyəti, sözügedən marketdə indi 40 qəpiyə satılır.     

Dekabrın 25-də İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, manatın kursunda baş vermiş dəyişiklikdən sonra süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanır. 

Süni qiymət artımı və mal-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə, habelə inhisarçılıq və korrupsiya kimi neqativ halların vaxtında aşkar edilərək qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirilməklə qanun pozuntularına yol vermiş şəxslər barəsində ən ciddi tədbirlər görüləcək.

Prezidentin və hökumətin bütün bəyanatlarına baxmayaraq, qiymətqaldırma maşını öz fəaliyyətindədir. 

Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixdən manatın üzən məzənnə rejiminə keçirilməsi barədə qərarından sonra ölkədə süni qiymət artımı baş verib.

Xəbər lenti
0