BAKI, 28 dek – Sputnik. “İman ailəcanlı və çox fədakar ata idi. Evdə uşaqların maddi sıxıntı çəkməməsi üçün hər çətinliyi gözə alırdı”. Bunu həyatını itirən neftçi İman Qasımovun qardaşı Rafiq Qasımov mərhumun dəfn mərasimində Sputnik-ə açıqlamasında deyib.
Qardaşının cəsədinin tapıldığı xəbərini dünən ilk öncə televiziyadan eşitdiyini deyən Qasımov, daha sonra SOCAR nümayəndəsindən evə bu barədə zəng gəldiyini söyləyib.
“İmanın cəsədini dünən səhər Türkmənistandan birbaşa hava limanına gətiriblər. Biz də axşam gedib onu təslim aldıq”.
“Bu faciə əbədi olaraq yaddaşımıza həkk olundu” deyən Rafiq Qasımov, qardaşının yazdığı sonuncu mesajı “bir atanın ən çarəsiz anı” olaraq xarakterizə edib:
“O andakı vəziyyəti burda oturub anlamaq və ya anlatmaq həqiqətən mümkün deyil. Hələ yoldaşına yazdığı sonuncu mesaj tüklərimizi irpələndirdi. O mesaj bir atanın düşdüyü çarəsiz vəziyyəti gözlər önünə gətirir”.
Dəfn xərclərinin dövlət tərəfindən çəkildiyini deyən mərhumun digər qardaşı Əsəd Qasımov, Qaradağ rayon İcra Hakimiyyətinə və SOCAR şirkətinə diqqət və qayğısına görə təşəkkür edib.
İman Qasımovla 32 ildir bir yerdə çalışan iş yoldaşı Gümrah Tamıyev, İmanın çox mərd və nəzakətli insan olduğunu ifadə edib:
“Hələ də onun dünyadan köçdüyünə inana bilmirəm. Bəlkə də bu uzun illər birgə çiyin-çiyinə işlədiyimiz üçün belədir. İman çox mərd və nəzakətli insan idi”.
Neftçi İman Şura oğlu Qasımovun cəsədi Xəzər dənizinin Türkmənistan sahilində tapıldıqdan sonra dünən Azərbaycana gətirilib. Bugün Qaradağ rayonu Lökbatan qəsəbəsində mərhumun dəfn mərasimi keçirilib. İman Qasımovun 4 övladı var.
Dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində platformada olan 63 nəfərdən 33-ü xilas edilib, 1 nəfər həlak olub, 29 nəfər isə itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin axtarış xilasetmə qüvvələri dərhal itkin düşənlərin axtarışına başlayıb. Axtarışlar nəticəsində 7 nəfərin cəsədi tapılıb, 22 nəfərin isə axtarışları davam etdirilir.