CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

24 il Xankəndisiz

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi
Xankəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Azərbaycanın Xankəndi şəhərinin və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 24 il ötür.

BAKI, 28 dek-Sputnik. Bu gün Azərbaycanın Xankəndi şəhərinin və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 24 il ötür.

Sputnik-in məlumatına görə, 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.

İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış olan polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.

Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.

İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub.
Azərbaycanın Xankəndi şəhərinin ermənilər tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbərliyi, deputatlar, ictimaiyyət nümayəndələri "Əbədi Məşəl" kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

Xankəndindən olan deputat Flora Qasımova bildirib ki, Xankəndinin işğalı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi etnik təmizlənməyə məruz qalıb. Sonuncu yaşayış məntəqəsinin — Kərkicahanın işğalından sonra Xankəndindən 10 mindən azərbaycanlı çıxarılıb, 100-ə yaxın Xankəndi sakini qətlə yetirilib.

Qasımova ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən danışaraq deyib ki, Azərbaycan işğal olunmuş torpaqlarının azad olunması üçün öz gücünə arxalanmalıdır.

Xəbər lenti
0