BAKI, 27 dek — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. Bu barədə Sputnik FHN-in saytına istinadən məlumat verir.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv m dam örtüyü (dəmir şifer) və 30 kub m taxta daxildir.
Humanitar yardımın yola salınması mərasimində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və Tacikistan Respublikasının ölkəmizdəki səfirliyinin 1-ci katibi Salimi Xatloni iştirak ediblər.