BAKI, 27 dek — Sputnik. Azərbaycan Fövqaladə Hallar Nazirliyi Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Sputnik nazirliyin saytında yerləşdirilən müraciəti təqdim edir:
"Hər birimiz üçün sevimli olan Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
— evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
— işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
— ağac tezalışan oyuncaqla bəzədilməməli;
— qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bundan başqa, bayram şənliyində bunlar nəzərə alınmalıdır:
— şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
— şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
— pəncərədə dəmir barmaqlıq olmamalı;
— məkanın iki çıxışı olmalı;
— ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
— otağın qapıları mütləq bayıra açılmalı;
— məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
— şənlikdə işıq tam söndürülməməli;
— şənliyə tezalışan materialdan paltar geyinilməməli;
— məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"