BAKI, 25 dek-Sputnik. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev həbs edilib.
Sputnik Səbail rayon Məhkəməsinin məlumatına istinadla xəbər verir ki, E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
MTN ətrafında baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib.
Dekabrın 20-də MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyev özünü öldürüb. İ. Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asıb.