BAKI, 25 dek-Sputnik. Azərbaycanın göndərdiyi humanitar yardım ötən gün Qırğızıstana çatıb.
Sputnik-ə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Qırğızıstanda baş vermiş güclü zəlzələ ilə əlaqədar prezident İlham Əliyevin tapşırığı ilə bu ölkəyə bir milyon manat dəyərində humanitar yardım göndərib.
Humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəstləri), 50 generator, 240 ədəd çadır, 6006 kvadrat metr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 000 metr reyka, 26 tondan artıq benzin, 29 ton dizel, 195 ədəd istilik sobası daxildir.
Yardım avtomobillərlə göndərilib.
Bu ilin noyabrında Qırğızıstanın Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib. Təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğızıstan hökuməti Azərbaycana müraciət edib.