CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Manatın ucuzlaşması KİV-in vəziyyətini ağırlaşdırdı

© Photo : STRMətbuat
Mətbuat - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 5-dən etibarən çap məhsullarının qiyməti artacaq, jurnalistlərin əməkhaqqları isə sual altındadır.

BAKI, 24 dek-Sputnik. Manatın dəyərdən düşməsi Azərbaycanın kütləvi informasiya vasitələrinə (KİV), xüsusilə çap mediasına necə təsir göstərib? Sputnik-in əməkdaşı bu suala cavab tapmaq üçün media ilə bağlı şəxslərin fikirlərini öyrənib.

"Azadlıq" qəzetinin baş redaktor əvəzi Rahim Hacıyev manatın devalvasiyasının ən müxtəlif sahələrdə, eləcə də KİV-də qiymət artımının baş verməsinə səbəb olacağını deyib: "Qəzet istehsal prosesinə daxil olan məhsullardan biridir və qiymət artımı ondan da yan keçməyəcək. Bizim də qiymətləri artırmaqdan başqa çarəmiz yoxdur. Çünki reklam bazarı üzümüzə bağlıdır. Bizim qəzet öz gəlirlərini satış hesabına əldə edir. Artıq bizə nəşriyyatdan bildiriblər ki, nəşriyyat xərclərində və kağızın qiymətində artım olacaq. Biz sadəcə, qiymətləri qaldırmağa məcburuq. Yanvar ayının əvvəllərindən etibarən qəzeti yeni qiymətlə satışa çıxaracağıq. Hələlik konkret rəqəm məlum deyil."

© amerikanınsesiRahim Hacıyev - Azadlıq qəzetinin baş redaktor əvəzi
Rahim Hacıyev - Azadlıq qəzetinin baş redaktor əvəzi - Sputnik Azərbaycan
Rahim Hacıyev - Azadlıq qəzetinin baş redaktor əvəzi

Qəzetin əməkdaşlarının maaşlarında manatın dəyərinə uyğun olaraq indeksləşmənin nəzərdə tutulub-tutulmadığına gəlincə, Rahim Hacıyev deyib ki, bunu etmək onların büdcəsi üçün çətin olacaq: "Onsuz da, devalvasiyadan əvvəl də işçilərin maaşlarını 5 aylıq gecikmə ilə verirdik. Reklam bazarı üzümüzə bağlı olduğu üçün təkcə satışdan gələn vəsaitlərin hesabına qəzeti saxlamağa məcburuq. O da ki, işçilərə istədiyimiz səviyyədə əməkhaqqı verməyimizə imkan vermir. Əlbəttə, biz çox istərdik, işçilərin maaşlarını yeni qiymətlərə uyğun verək. Təəssüf ki, bu sahədə irəliləyişə nail ola bilmirik. Bir il ərzində ölkədə baş vermiş iki ciddi devalvasiya hadisəsi əhalinin maddi vəziyyətinə təsir edib və biz də bundan kənarda deyilik."

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə həmkarı ilə müqayisədə daha optimistdir: "Bizim qəzet Azərbaycanın müstəqilliyi ilə yaşıddır. Biz belə böhranlı vəziyyətləri çox görmüşük. Bu, 2001-ci ildə, 2008-ci ildə də olub, böhran yaranıb, manat dəyərdən düşüb, qiymətlər artıb, amma qəzetlər yaşayıb. Azərbaycanda qəzetlərin satışdan gələn gəlirlərlə yaşaması mümkün deyil. Çünki Azərbaycanda qəzetlər üçün reklam bazarı yoxdur. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDDF) yaradılıb. Bu fond KİV-i maddi cəhətdən dəstəkləyir. Devalvasiya elnən gələn bəladır. Bizdə də belə bir deyim var ki, "elnən gələn qara gün toy-bayramdır". Biz imkanlarımızı səfərbər edib bu vəziyyətdən çıxmağa çalışacağıq."

Rəşad Məcid əlavə edib ki, hazırda onsuz da qəzetlərin qiymətləri kifayət qədər bahadır və qiymətləri qaldırmaq çıxış yolu deyil. Nəşriyyat xərclərinə gəlincə, baş redaktor deyib ki, hələlik nəşriyyat onlara qiymət artımı ilə bağlı xəbərdarlıq etməyib. Amma qiymət artımını gözləyirlər.

© news.lentRəşad Məcid - "525-ci qəzet"in baş redaktoru
Rəşad Məcid - 525-ci qəzetin baş redaktoru - Sputnik Azərbaycan
Rəşad Məcid - "525-ci qəzet"in baş redaktoru

"525-ci qəzet"in əməkdaşlarının maaşlarına gəlincə, Rəşad Məcid deyib ki, işçilərin maaşlarını devalvasiya və inflyasiyaya uyğun olaraq kompensasiya etməyi düşünürlər.

Azərbaycan Dövlət Nəşriyyatının İqtisadiyyat şöbəsinin müdiri Afik Vəlimətov isə Sputnik-ə bildirib ki, bu ilin sonuna kimi qalıq vəsaitlər hesabına çap xərclərini olduğu kimi saxlayacaqlar. Amma 2016-cı ilin 5 yanvarın etibarən nəşriyyat qiymətləri qaldırılacaq və müqavilələr yeni qiymətlə bağlanacaq.

"Biz çap üçün lazım olan ofset çap təbəqələrini, kimyəvi boyaları və kağızı xaricdən alırıq. Kağız Rusiya Federasiyasından gətirilir. Digər çap məhsulları isə həm Rusiyadan, həm də bir sıra Avropa ölkələrindən alınır. Artıq bizə məlumat verilib ki, bu məhsulların qiymətlərində 50% artım baş verib. Biz də düşünürük ki, 50% olmasa da, qiymətləri 20-25% artıraq. Hal-hazırda hesablamalar aparmaqla məşğuluq. Yanvara qədər yeni tarifləri müəyyənləşdirəcəyik" — deyə Vəlimətov bildirib.

KİVDDF-nin Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ)sədri Müşfiq Ələsgərli deyib ki, manatın devalvasiyası cəmiyyətin bütün təbəqələri kimi jurnalistlərin də maddi durumuna öz təsirini göstərəcək. Amma burada fəlakətli durumdan söhbət gedə bilməz.

"Bu proses ən çox çap mediasına təsir edəcək. Çünki çap mediasının istehsalı üçün ləvazımatlar xarici valyuta ilə gətirilir. Təbii ki, məntiqlə bu da çap mediasında qiymətlərin artmasına gətirib çıxaracaq" — deyə M.Ələsgərli bildirib.

Yarandığı gündən KİVDDF-nin çap mediasına yardım etdiyini vurğulayan M.Ələsgərli, fondun yenə KİV-in vəziyyətdən çıxmasına yardım edəcəyinə əmin olduğunu deyib.

Devalvasiyanın jurnalistlərin maddi durumuna təsirinə gəlincə, Ələsgərli deyib ki, KİVDDF hər il jurnalistlər üçün yazı müsabiqələri keçirir. Bu da müəyyən qədər jurnalistlərin vəziyyətini yaxşılaşdırmağa kömək edir.

© musavat.comMüşfiq Ələsgərli
Müşfiq Ələsgərli - Sputnik Azərbaycan
Müşfiq Ələsgərli

"Sadəcə hazırkı vəziyyətə bir qədər dözümlü yanaşmaq lazımdır. Bunlar iqtisadi gedişata uyğun qərarlar deyil, dünyada və regionda gedən proseslərin, neftin qiymətlərinin aşağı düşməsinin və s. fonunda ortaya çıxmış siyasi qərarlardır. Prezident İlham Əliyev də izah etdi ki, Azərbaycan manatın devalvasiyasını könüllü şəkildə həyata keçirməyib, bu, dünyada gedən siyasi oyunların nəticəsi kimi ortaya çıxıb. Əlbəttə, devalvasiya və qiymət artımı ölkə vətəndaşlarının, o cümlədən də jurnalistlərin məişət durumuna təsir edəcək. Amma hamı ölkədəki bu maddi ağırlığın aradan qaldırılmasına yardım etməlidir. Ölkədəki KİV-lər öz maliyyə məsələlərini kifayət qədər yaxşı qurublar. Həm KİVDDF-nin ayırdığı vəsaitlər, həm də reklam bazarından gələn gəlirlər imkan verir ki, onlar öz işlərini lazımi səviyyədə qura bilsinlər" — deyə Ələsgərli bildirib.

Jurnalistlərin əməkhaqlarına gəlincə, JuHİ sədri deyib ki, əgər redaksiyalar maaşları artırmasalar, özləri bundan ziyan çəkəcəklər. Yaxşı jurnalistlər daha yaxşı maaş verən KİV-ə transfer etmək məcburiyyətində qalacaqlar.

Müşfiq Ələsgərli maliyyə sıxıntılarının fonunda xırda KİV-lərin təmərküzləşməsinin daha məqsədəuyğun olacağını ifadə edib: "Çox yaxşı olar ki, xırda KİV-lərin hesabına təmərküzləşmiş KİV-lər formalaşsınlar. Azərbaycanın KİV-lərinin xarici informasiya məkanına inteqrasiya imkanları var. Təmərküzləşmə imkan verərdi ki, yerli KİV-lərin resursları artsın və onlar beynəlxalq arenaya çıxa bilsinlər. Əlbəttə təmərküzləşməni inzibati yollarla etmək olmaz. Bu, KİV-lərin öz təşəbbüsü ilə olmalıdır. Buna ölkə qanunvericiliyi də imkan verir."

Xəbər lenti
0