“BMW”, “Mini” və “Rolls Roys” avtomobillərinin satışı həyata keçirən “İmprotex Motors” şirkəti bildirib ki, avro ilə qiymətləri artmasa belə, avtomobillər manat məzənnəsində yeni qiymətlərlə satılır. Məsələn, 87 min avroya satılan (100 min manat) 3.0 mühərrikli 2015-ci model “BMW X5”in manatla qiyməti 46 min artaraq 146 min manat olub. “BMW 520” avtomobilinin qiyməti isə 57 min manatdan 84 min manata qədər artıb. Şirkətin məlumatına görə, avtomobillərin qiyməti manatın ucuzlaşma faizi həcmində (47.6 %) bahalaşıb.
“Toyota Bakı Mərkəzi” isə manatın ucuzlaşması ilə bağlı yaranan qeyri-müyyən vəziyyətlə əlaqədar olaraq satışları dayandırıb. “Auto Azerbaijan” şirkətinin də satışları dayandırmadığı deyilsə də, şirkət bu məlumatı təkzib edib. Bildirilib ki, hazırda bütün modellər köhnə qiymətləri ilə satılır. “Audi Bakı Mərkəzi”ndən də avtomobillərinin qiymətlərində hər hansı bir dəyişiklik olmadığını deyiblər, lakin yeni gətiriləcək avtomobillərin qiymətlərində mütləq bahalaşma olacaq.
“Honda”, “Mitsubishi”, “Mazda” və “Subaru” avtomobillərinin qiymətlərində də hələki artım yoxdur. Dekabr ayının 31-nə kimi avtomobillər köhnə qiymətlərlə satılacaq. Yeni ildə avtomobillərin qiymətlərinin necə dəyişəcəyi isə məlum deyil.
İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, avtomobillərin qiymətləri 50% artacaq:
“Çox güman ki, avtosalonlarda köhnə maşınlar, yəni, keçən il, hətta 2014-cü ilin istehsalı olan maşınlar da qalıb. Bu il satışlar həddindən artıq kəskin şəkildə aşağı düşmüşdü. Rəsmi rəqəmlərə görə belə, maşın satışları 50% düşüb. İndi də 2015-ci ilin maşınları artıq salonlarda qalıb. Yəni 2016-cı ildə bəzi maşınların iki il salonda qalaraq “qocalması”nın şahidi olacayıq. Təbii ki, bu, iş adamları üçün ciddi problemdir, çünki ili köhnə maşınların müştərisi də olmur. Düşünürəm ki, 2014-2015-in əvvəllərindən qalan maşınları müəyyən ucuz qiymətlə satmağa çalışacaqlar, çünki bazarda onsuz da alıcı yoxdur. Amma 2016-cı ildən məcburən, yeni məzənnəyə görə, manata nisbətən maşınların qiyməti 50% qalxacaq. Bu avtomatik baş verəcək, başqa yolu yoxdur bu işin”.
Ekspert Vüqar Bayramlı isə qeyd edib ki, köhnə maşınları satan şəxslər də qiyməti artırmağa çalışırlar:
“Manatın dəyərsizləşməsi bütün bazara, o cümlədən, maşın bazarına təsir göstərib. Bizim apardığımız ilkin monitorinqlər göstərir ki, maşın bazarında durğunluq var və durğunluq davam edir. Çünki bir tərəfdən, ölkəyə idxal edilən maşınlar dollarladır, həm onların bir qismi manatla satılır çünki köhnə maşınlar manatla satılır. Artıq köhnə maşınları satanlar da manatla qiyməti artırmağa çalışırlar, amma tələb az olduğu üçün bu qiymət artımları məsələsində tələb olunan məbləğ ödənilmir. Ona görə də, o baxımdan tələbin artması gözlənilmir, çünki alıcılıq qabiliyyəti və tələb aşağıdır. Təbii ki, bu da durğunluğun yaşanmasına gətirib çıxarır”.
Bəs manatın ucuzlaşması “ikinci əl” avtomobil bazarına necə təsir edəcək? Natiq Cəfərli davam edir:
““İkinci əl” avtomobil bazarında dollarla qiymətlər düşəcək, manatla isə — müəyyən dərəcədə qalxacaq. Amma çox da yuxarı qalxmayacaq, çünki alıcı yoxdur. Amma dollarla “ikinci əl” avtomobillərində müəyyən dərəcədə qiymətlərin enməsi prosesinin şahidi ola bilərik”.
Ekspert onu da əlavə edib ki, gələn il avtomobil bazarında daha ciddi durğunluq olacaq:
“Gələn il durğunluq olacaq bazarda. Əlində sərbəst vəsaiti olan insanların da maşın almağa həvəsi olmayacaq, əllərində sərbəst vəsait saxlamağa üstünlük verəcəklər. Gəlirlərin də azalması fonunda, təbii ki, avtomobil bazarında ciddi durğunluq olacaq”.
Yaponiya istehsalı avtomobillərin Bakıdakı rəsmi dillerinin rəhbəri Mustafa Abbasbəyli bildirib ki, qiymət artımı devalvasiyaya proporsional və ya ona yaxın həddə baş verəcək, “ikinci əl” bazarda isə qiymətlər 15-20% enəcək.