BAKI, 24 dek — Sputnik. "Müharibə vəziyyətində olan bir ölkənin dünyanın super gücü ilə münasibətləri gərginləşdirməsi yaxşı nəticələr verməz". Bunu deputat Rövşən Rzayevin Milli Məclisə təqdim etdiyi "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsini Sputnik-ə şərh edərkən Azad Demokratlar partiyasının sədri Sülhəddin Əkbər deyib.
"Hökumət istəsə bir günə ABŞ-la münasibətləri normallaşdırar" deyən Sülhəddin Əkbər, bunun üçün həbsdə olan QHT-çilərin azadlığa buraxılmasının vacib olduğunu bildirib:
"Qərbin "siyasi məhbus" kimi tanıdığı adamların heç biri dövlət üçün təhlükə kəsb etmir. Onların azadlığa buraxılması bir günün içində həll olunası işdir. Bu baş versə, iki ölkə arasında əlaqələr normallaşar".
Sülhəddin Əkbər daha sonra əlavə edib: "Vaşinqtonla gərgin münasibətlər həm hökumətə, həm dövlətə, bütövlükdə Azərbaycana ziyan verəcək. Ona görə də uyğun yol tapıb bu məsələni həll etmək lazımdır".
"Azərbaycan hakimiyyəti daxilində çox güclü olan 5-ci kalon var ki, onlar hökumətlə ABŞ arasında problem yaranmasında maraqlıdır. Onlar Qərb və Avropa birliyi ilə olan bütün münasibətləri korpalamaqla, bütün körpüləri yandırmaqla Kremlə tərəf yönəlməkdən başqa yolun qalmamasına çalışırlar" — deyə Sülhəddin Əkbər əlavə edib.