BAKI, 24 dek — Sputnik. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Bu barədə Sputnik Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Məlumata əsasən, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsöndürmə gəmisi özüldəki yanğının söndürülməsi, Aviasiya dəstəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarışını davam etdirir.
Dekabrın 4-də "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb. İtkin düşənlərin axtarışına FHN-in, DSX-nın, Dövlət Dəniz Administrasiyasının və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin gəmiləri cəlb olunub.